• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1413
— 30.08.2024 19:31

Nənə və 3 nəvəsi zəhərlənib, bir nəfər ölüb

KepezTV Player

Göygöl rayonu, Balçılı kənd sakinləri 1961-ci il təvəllüdlü Məlahət Qasımova və 3 azyaşlı nəvəsi - 2018-ci il təvəllüdlü Fidan Qocababa, 2013-cü il təvəllüdlü Simuzər Vəliyeva və 2014-cü il təvəllüdlü Aydan Orucova dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə müraciət edib. Nəvələrdən Aydan Orucovada həkiməqədər ölüm faktı qeydə alınıb. Digər iki uşaq zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı həkim müayinəsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Vüqar Vəliyev- zəhərlənən azyaşlının atası: “Qızlarım zəng etdi ki, ata, bacımı xəstəxanaya çatdırıblar, “Xanlar” xəstəxanasına. Saçını yuyurmuşlar, zəhərlənmə olub. Biz də yığışdıq, gəldik, yolda da dedilər “Xanlar” götürməyib, bu xəstəxanaya çatdırıblar. Gəldik ki, Allaha şükür, yaxşıdır. Bildiyim odur ki, guya ki, başında bit olub, onu yuyanda zəhərlənmə keçiriblər”.

İlkin ehtimala görə nənə və nəvələri başlarını mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niasitol" adlı kimyəvi preparatla yumaları səbəbindən zəhərləniblər.

Səbuhi Həsənov- həkim: “Göygöl rayon Balçılı kənd sakini 2 uşaq daxil olub, TTY vasitəsi ilə.Hər ikisinin vəziyyəti ağır olaraq gətirilmişdi. İlkin tibbi yardımdan sonra xəstənin birinin vəziyyəti stabil, orta-ağırdır. Digəri isə ağır olaraq qalır. Müalicəsi davam etdirilir. Naməlum dərman zəhərlənməsidir. Ətrafdakıların dediyinə görə, bit dərmanından zəhərləniblər. Heyvanlar üçün nəzərdə tutulmuş dərmandan istifadə ediblər”.

Zəhərlənənlərdən 1961-ci il təvəllüdlü Məlahət Qasımova Gəncədə yerləşən Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Samirə Cəfərova- həkim: “Göygöl rayonundan tibbi yardım maşını ilə bizə - Gəncə şəhər Birləşmiş Xəstəxanasına Qasımova Məlahət İsmayıl qızı adında xəstə gətirilmişdir. Xəstə dərman zəhərlənməsi ilə qəbul olunmuşdur. Vəziyyəti orta-ağır idi. Xəstəyə ilkin zəruri tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirdik. Hal-hazırda xəstənin reanimasiya şöbəsində müalicəsi davam etdirilir”.

Bu hadisə Göygöldə yaxın keçmişdə baş verən ilk zəhərlənmə halı deyil. İki il öncə rayonda dörd nəfər saçlarında bit olması səbəbindən "Niasitol" pereparatından istifadə etdikləri üçün də zəhərlənmişdilər.