Havaların isti keçməsi qarpız, balıq, hətta dondurma kimi bəzi qidalardan zəhərlənmə hallarının sayını artırır. Zəhərlənmə isə əksər hallarda ölümlə nəticələnə bilir. Buna görə yüksələn hava temperaturunda qida seçimində daha diqqətli olmaq lazımdır. Həmçinin market və bazar kimi yerlərdə üstü açıq və Günəş şüalarının altında satılan məhsullar da qida zəhərlənmələrinə yol açan faktorlardandır.
Şəhər sakini: “Açıqda olanlar zəhərləyər də! Bağlı yerdə saxlanılmalıdır. Peraşki, dönər - belə şeylər soyuducuda olmalıdır, həm də hava istidir, təsir edir”.
Şəhər sakini: “Bunun qarşısı alınmalıdır. Qapalı şəraitdə saxlanılmalıdır. Başqa-başqa məhsullar var ki, tozun qabağında, günün altında olur, misal üçün, elə meyvələrdir. Ba bu dəqiqə elə bir zamanda yaşayırıq ki, viruslar çoxdur və buna görə də bunun qarşısı mütləq alınmalıdır. Qapalı şəraitdə saxlanılmalıdır”.
Şəhər sakini: “Təbii qidalardan istifadə olunmalıdır. Əsas məsələlərdən biri də odur ki, günün altında olan məhsullardan yemək olmaz. Çünki o, zəhərlənməyə əsas yaradır. Soyuducuda saxlanılmalıdır”.
Şəhər sakini: “Mən uşaqlara ümumiyyətlə qarpız kimi şeyləri vermirəm. Qızım yox, amma oğlumda zəhərlənmə olub. Həkimə apardım, mədə-bağırsağını yudular. Çünki hər bir şey bu dəqiqə dərmanla, iynəylədir”.
Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsindən verilən məlumata görə, son bir neçə aydır ki, zəhərlənmə diaqnozu ilə bağlı stansiyaya zənglər daha çox daxil olur. Həkimlərin sözlərinə görə, zəhərlənmələrin sayının artmasının başlıca səbəbi havaların isti keçməsidir.
Aygün Məmmədzadə- həkim: “Ümumiyyətlə, yay mövsümünün gəlişi ilə əlaqəli müxtəlif sayda qida zəhərlənmələrinə gündəlik təcrübəmizdə rast gəlirik. Bu, istər məhsulların keyfiyyətsiz şəraitdə saxlanılması ilə bağlı olaraq, istər istifadə müddətinin bitməsi ilə əlaqədar olaraq, istər keyfiyyətsiz istehsallara yola verilmiş məhsulların istifadəsi ilə əlaqəli ola bilər. Son zamanlar daha çox rastlaşdığımız problem qarpız zəhərlənməsidir. Bu qarpızda ya saxlanma şəraiti əlverişiz olur, ya da tərkibində azotun nitratı tərkibi çox olduğundan, çağırışlarda zəhərlənmələrin bir çoxu qarpız zəhərlənməsidir. Əgər bu toksiki əlamətlər xəstədə davam edərsə, xəstələri xüsusiləşdirilmiş toksikologiya mərkəzlərinə yerləşdirmək tövsiyə olunur”.
Mütəxəssislərin sözlərinə görə, havanın temperaturu yüksək olduqda müəyyən patogen mikrobların da inkişafının çoxalma sürəti artır. Buna görə də yay aylarında qida zəhərlənmələrinin sayı çoxalır. Əsas zəhərlənmə halları qida məhsulları düzgün saxlanılmadıqda baş verir. AQTA tərəfindən bu kimi zəhərlənmə hallarının qarşısının alınması üçün yay aylarında mütəmadi olaraq müxtəlif profilaktik tədbirlər keçirilir.
Səbinə Əsgərova- AQTA-nın əməkdaşı: “Heyvan mənşəli qidalar, xüsusilə balıq məhsullarının bişirilməsi və saxlanılması prosesində müvafiq temperatur rejimi gözlənilməlidir. Qidaların soyuq mühitdə soyuducuda saxlanılması, üstünlük verilən praktiki və düzgün saxlanılma üsuludur. Soyuducunun temperaturunun 1 və 4 dərəcə arasında saxlanılması məsləhət görülür. Hazır və çiy qidaların ayır-ayrı rəflərdə saxlanılması kiflənmənin qarşısını alır. Eyni zamanda soyuducunun içindəki havanın asanlıqla sirkulyasiya etməsi üçün rəflərin çox dolu olmamasına diqqət yetirilməlidir”.
Qida vasitəsilə yaranan xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün bəzi tövsiyələrə əməl etmək lazımdır. Xüsusilə də istifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları yemək olmaz. Hər bir istehlakçı məhsul seçərkən ilk növbədə onun xarici görünüşündə, rəngində, iyisində, dadında və digər əlamətlərində hər hansı bir dəyişikliyin olub-olmamasına diqqət yetirməlidir.
- Baxış: 322