• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2224
— 02.08.2024 18:41

Gəncə teatrı Beynəlxalq Teatr Festivalında mükafata layiq görülüb

KepezTV Player

Portuqaliyada keçirilən "MİT III" Beynəlxalq Teatr festivalında Gəncə Dövlət Milli Dram Teatrı "Kral ölür" tamaşası ilə çıxış edib. Tamaşaçılar tərəfindən böyük rəğbət və alqışla qarşılanan səhnə əsəri mükafatsız qalmayıb.

Aqil Bəhramlı- Gəncə Dövlət Milli Dram Teatrının direktoru: İyul ayının 22-28-i biz Portuqaliyanın 2 şəhərində Ejen İoneskonun tamaşası ilə çıxış elədik. Beynəlxalq festival idi. Braqa və Maya şəhərlərində olduq. Sevindirici haldır ki, Azərbaycan Qərbi Avropa dövlətində çıxış eləsin və ən yüksək mükafata layiq görülsün. Çünki münsiflər heyətində əyləşənlər içərisində Ukraina, Portuqaliya, İtaliya, İspaniya, Serbiya və Braziliyadan olanlar var idi. Və o dövlətlərdən də teatrlar tamaşalarla gəlmişdilər. Çıxış edən tamaşalar arasında 2 mükafat aldıq - kostyumlara görə və ən yüksək Qran-Prini aldıq.

Gəncə Dövlət Milli Dram Teatrı 2 ildən çoxdur repertuarında olan “Kral ölür” tamaşası ilə bir çox yerli və beynəlxalq festivallarda iştirak edib və mükafata layiq görülüb.

Elşad Əhmədov- Gəncə Dövlət Milli Dram Teatrının baş rejissoru: Tək Gəncə Dövlət Milli Dram Teatrının deyil, bütövlükdə bütün Azərbaycanın uğurudur ki, son illlərdə Qərbi Avropada keçirilən beynəlxalq səviyyəli festivallardan bu nominasiyaya layiq görülən olmamışdı. Festivalda 20-dən artıq teatr iştirak edirdi ki, biz, bunların arasından fərqlənməyi bacardıq.

Tamaşa Tural Mustafayevin quruluşunda təqdim olunub. Quruluşçu rəssamı Mustafa Mustafayev olan səhnə əsərində əməkdar artistlər Elxan Yunis, Sevda Orucova, İlham Hüseynov və Kəmalə Məmmədova iştirak ediblər. Tamaşanın aktyorları Ruslan Hüseynov, Günay Cabbarova və Güntəkin Mehdiyevadır.