• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2218
— 30.07.2024 19:32

Tərkibi ilə sərinləşdirməyən, zəhərləyən dondurmalar

KepezTV Player

Əsasən yayda sərinləmək və ağız dadını dəyişmək üçün istifadə etdiyimiz dondurmalar. Fərqli çeşiddə və qiymətdə olan bu məhsuldən bəziləri xəstələnməmək, bəziləri isə zəhərlənməmək üçün ehtiyatla istifadə edir. Qarşıdakı süjetdə ikinci məqama üstünlük verib Qida Təhlükəsizliyi Agentliyi tərəfindən satışına qadağa qoyulan dondurmalar barədə danışacağıq. Hansı ki, satışda hələ də rast gəlinir. 

Satışda olan dondurmaların keyfiyyəti və qəbul edilərkən təhlükəsizliyi hər zaman düşündürücüdür. Çünki bu göstəricilərin normativ tələblərə uyğun olması sonda sağlamlığımızın təmininə xidmət edir. Elə digər məhsullarda olduğu kimi. Bu məqsədlə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 26 istehsalçının 69 dondurmasından yoxlama üçün nümunələr götürülüb və məlum olub ki, bir neçə əmtəə nişanlı dondurma məhsullarında uyğunsuzluq var. Nə tərkibi, nə də keyfiyyəti qeyd edilənlər kimi deyil.

İlkin Kərimov- AQTA-nın mətbuat katibi: “Həmin məhsul partiyalarının bir qismi satış şəbəkələrindən yığışdırılıb. Proses hazırda davam edir. Agentliyin saytında bakteriya aşkarlanmış dondurma məhsullarının istehsal tarixləri və məhsul partiyaları barədə məlumatlar yerləşdirilib. İstehlakçılardan xahişimiz budur ki, dondurma seçərkən həmin məhsulların istehsal tarixlərinə və hansı məhsul partiyasına mənsub olmasına diqqət yetirsinlər”.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sağlamlıq üçün təhlükəli hesab edilən və tərkibində bakteriya olduğu deyilən bu məhsullar nədənsə hələ də satışdan yığışdırılmayıb.

İlk öncə sualımızı bu dondurmaların satışı ilə məşğul olan şəxslərə ünvanladıq. Dedilər ki, məsələ ilə bağlı onlara heç bir xəbərdarlıq edilməyib. Ona görə də satışı davam etdirirlər.

İlqar Nuriyev- satıcı: “Bununla bağlı bizə heç kim məlumat verməyib. Firmalar gətirir, firmaların da sertifikartları var. Onun əsasında götürmüşük. İndiyə kimi də heç kim şikayət etməyib. Olsa məlumat verilərdi”.

Satıcı: “Bilmirəm, xəbərim yoxdur. Onu daha çox alırlar. Əgər elə olsa, firma verməz axı. -AQTA-dan sizə bununla bağlı nəsə deyilməyib? -Yox”.

Çəkiliş zamanı bəlli oldu ki, satışı məqbul sayılmayan dondurmalar əksərən kiçik satış məntəqələrində alıcılara təklif edilir. Gəncədəki iri mağazalarda bu məhsullara rast gəlinmir. 

Kübra Məhərrəmova- satıcı: “Qida Təhlükəsizliyi Agentliyi bizə bakteriyalı dondurmalarla bağlı siyahı göndərmişdi. Biz o siyahıya baxaraq marketimizdə olan dondurmaları yoxladıq. Bizdə eləsi yox idi. Olsa da çıxardacaqdıq. Yəni məhsullarımız təhlükəsizdir”.

Satışda olub-olmamasından asılı olmayaraq alıcılar cibinə uyğun dondurmalara üz tuturlar. Təbii ki, sağlamlıqlarını düşünənlər də az deyil.

Sakin: “Xəbər saytlarında görmüşdüm siyahını. Ondan sonra çalışıram həmin məhsullardan istifadə etməyim, başqa firmanın məhsullarına müraciət edim”.

Sakin: “Çalışıram ki, az alım. Elə qorxum bakteriyadandır. Uşaqları da uzaq tutmağa çalışıram. Hansılar köhnədir, bakteriyalıdır onlara diqqət edirəm”.

Sakin: “Bilirəm bakteriyalar aşkarlanıb, göstəriblər. Amma dəqiq bilmirəm hansı dondurmalardadır”.

Görünür, həm alıcıların, həm də satıcıların mövzu ilə bağlı yetərli məlumatı yoxdur. Qida Təhlükəsizliyi Agnetliyindən isə istehlakçılara səsləndilər. 

İlkin Kərimov- AQTA-nın mətbuat katibi: “İstehlakçılardan xahiş edirik ki, qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə, o cümlədən dondurmaların da keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə xoşagəlməz halla qarşılaşdıqda, bu barədə Agentliyin “1003 - qaynar xətti”nə məlumat versinlər”.

Bu istiqamətdə monitorinqlər davam edir. Əgər yoxlamalar zamanı yeni məhsulların da sağlamlıq üçün təhlükəsi aşkarlanarsa, ictimaiyyətə məlumat veriləcək. 

Aişə Rzayeva