• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1101
— 25.07.2024 18:15

Ermənistana məxsus PUA Tovuzda kəşfiyyat uçuşuna cəhd göstərib

KepezTV Player

Bu gün saat 10:55 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb. Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə məlumatlar verib. Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyildir və davamlı xarakter daşıyır. Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir. Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edib ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir. Regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcək.

Vüsalə Cənnətova