Prezident İlham Əliyev Xocalı hava limanında olub. Hava Limanı 1974-cü ildə istismara verilib. 2020-ci ildə Beynəlxalq Mülki Aviasiya Təşkilatı UBES indeksi verməklə onun Azərbaycana məxsus olduğunu təsdiqləyib. Ərazisi 188,5 hektar olan aeroportun uçuş-enmə zolağının uzunluğu 3000 metrədək, eni isə 60 metrədək genişləndiriləcək. Hava limanı ən müasir səviyyəyə çatdırılacaq.
Dövlət başçısı Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə də tanış olub. İlkin mərhələdə universitetdə kadr hazırlığı 6 fakültədə aparılacaq. Yeni tədris ili üçün burada 27 ixtisas üzrə 1120 tələbənin təhsil alması nəzərdə tutulur. 8 ixtisas üzrə SABAH qrupları yaradılacaq. Qarabağ Universitetinin strukturu hazırlanıb və təsdiqlənib. Təhsil alacaq tələbələr ödənişsiz mənzil tipli yataqxana, təqaüd, həmçinin kompüterlə ilə təmin olunacaqlar. Ən yüksək bal toplayanlara əlavə təqaüd veriləcək.
Prezident həmçinin Xankəndidə “Qarabağ” hotelinin açılışında iştirak edib. Hotel ötən əsrin ortalarında istifadəyə verilib. 2023-cü ildə ərazi bütövlüyümüzün tam bərpasından sonra hoteldə təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıb. Bina ilkin görkəminə qaytarılıb.
Prezident İlham Əliyev Xankəndi Konqres Mərkəzinin təməlini qoyub. Konqres Mərkəzinin ümumi sahəsi 6 min kvadratmetr, tikinti sahəsi isə 2 min kvadratmetrə yaxın olacaq. Dövlətimizin başçısına mərkəzlə bir kompleksdə yer alan “Xankəndi” hotelinin layihəsi barədə də məlumat verilib. Hotelin ümumi sahəsi 3800 kvadratmetrdir. Burada müxtəlif tipli 105 otaq olacaq. Ən müasir iaşə məkanları da yaradılacaq.
Dövlət başçısı Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib. Hoteldə müxtəlif tipli 54 otaq var. Burada ən müasir iaşə məkanları da yaradılıb.
Prezident İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib. Vətən müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. Bulaq XVIII əsrdə ilk dəfə onu qalın meşəlikdə aşkar etmiş İsa adlı əkinçinin adını daşıyır. İstirahət kompleksində 4 qonaq evi və bir restoran yerləşir.
Şuşa sutəmizləyici qurğular kompleksinin açılışı da olub. Qurğunun məhsuldarlığı sutkada 2 min kubmetrdən 5 min kubmetrə çatdırılıb. Hazırda şəhərdə 3500-dən çox insan bu təmizləyici qurğuda sutka ərzində emal olunan içməli su ilə təmin edilir. Şuşa şəhərinin dayanıqlı su təchizatı məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr təşkil edəcək müasir tipli yeni sutəmizləyici qurğunun inşası da nəzərdə tutulur. Ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib. Prezident İlham Əliyev sutəmizləyici qurğular kompleksini işə salıb.
Prezident İlham Əliyev Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib. Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq məhz Aşağı Gövhər Ağa məscidində aparılıb. İlkin memarlıq üslubunun qorunması ilə həyata keçirilən işlər məscidlə yanaşı ərazidəki mədrəsə binasını da əhatə edib. Bərpa zamanı məsciddə erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Divarlarda müxtəlif yazılar, müdaxilələr, həkk olunmuş xaç işarəsi müəyyən edilib. Mədrəsə binasının dağıntılarının bir qismi də konservasiya olunub. Məscidə gələn hər bir ziyarətçi tarixi-dini abidəyə qarşı erməni vandalizminə dair bu faktların şahidi ola bilər.
Şuşa şəhərində dövlət başçısının iştirakı ilə Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışı da olub. Dördmərtəbəli binada “ASAN xidmət” və “DOST xidməti” mərkəzləri, KOB evi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin filialları fəaliyyət göstərəcək. Burada fəaliyyət göstərəcək qurumlar üzrə 56 nəfərin aidiyyəti üzrə işlə təmin edilməsi nəzərdə tutulur. Mərkəzdə işləyəcək əməkdaşların Şuşa şəhər sakini olması təmin edilib.
Vüsalə Cənnətova
- Baxış: 502