• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1979
— 04.07.2024 19:08

Məktəblilər beynəlxalq olimpiadada medal qazanıblar

KepezTV Player

Beynəlxalq ingilis dili, Gələcək zəka tələbələri olimpiadası “FİSO” yarışmasının final mərhələsində 2 Gəncə məktəblisi də iştirak hüququ qazanmışdı. 4 nömrəli məktəbin 8-ci sinif şagirdləri Dubayda keçirilən beynəlxalq bilik yarışdan əliboş qayıtmayıblar. Rahilə Həsənova və Murad Nəbili bürünc medala layiq görülüblər.

"FiSO" şagirdlərin Riyaziyyat, İngilis dili, Məntiq, Kimya, Fizika, Biologiya və İncəsənət kimi müxtəlif sahələrdə bilik və bacarıqlarını sınayıb, inkişaf etdirmələri üçün nəzərdə tutulmuş beynəlxalq yarışmadır. Olimpiada, şagirdlərin elm və təhsil sahələrində öz potensiallarını kəşf etmələrinə və gələcəkdə bu sahələrdə uğur qazanmalarına imkan yaradır. Bu il yarışmaya ümumilikdə 18 ölkədən olan 600-dən çox iştirakçı qatılıb. Gəncəli şagirdlər isə iştirakçılar içərisində fəqlənməyi bacarıblar.

Rahilə Həsənova- şagird: “Bu olimpiadanı bir saytda gördüm və qərar verdim ki, buna qatılım. Fevralın 2-i bu olimpiadaya getdim və medal qazandım. Eyni zamanda qlobal raunda vəsiqə qazandım. Dubay şəhərinə getdik və yenidən medal qazandıq. Biz ölkəmizi layiqincə təmsil etdik”.

22-26 iyun tarixlərində keçirilən olimpiadada şagirdlər həm milli, həm də beynəlxalq mərhələlərdə öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Bu olimpiada, təhsilin bütün aspektlərini əhatə edib. Yarış şagirdlərin intellektual inkişafına töhfə verib.

Murad Nəbili- şagird: “Gəncə şəhərindən ikimiz idik - mən və Rahilə. Olimpiadada suallar ingilis dilindən idi. İngilis dilində qrammatika və idiomlar var idi və başqa fənnlər - riyaziyyat, fizika, astronomiya, kimya, biologiya, rəsmdən də inglis dilində suallar var idi”.

Beynəlxalq olimpiadalar dünyanın müxtəlif yerlərində eyni maraqları olan uşaqlarla tanış olma imkanı yaradır. Şagirdlərin kritik düşünmə və problemləri həlletmə bacarıqlarını inkişaf etdirir. Ona görə də təhsil sahəsində qazanılan uğurlar arasında istedadlı şagirdlərin beynəlxalq olimpiadalarda qazandıqları uğurlar xüsusi yer tutur.

Əliağa Səfərəliyev- 4 nömrəli məktəb-liseyin direktoru: “4 il bundan əvvəl açılan lisey-siniflərə imtahan verib qəbul olan şagirdlərimizdir Murad da, Rahilə də. Nəticələri də göz önündədir. Onlar məhz ingilis dili üzrə uğur qazanıblar. Şagirdlərin beynəlxalq olimpiadalarda iştirakı çox vacibdir, məsuliyyət tələb edir, eyni zamanda çəkilən əziyyətin hədər olmadığını göstərir”.

Millimizin tərkibində çıxış edən şagirdlərimizdən 6 nəfər dünya birincisi, 7 nəfər dünya ikincisi, 12 nəfər isə dünya üçüncüsü adını qazanıb.

Aişə Rzayeva