• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 689
— 28.06.2024 19:11

Gəncəli idmançılar beynəlxalq yarışda fərqləniblər

KepezTV Player

Rusiyada təşkil edilən beynəlxalq multi-idman oyunlarında Gəncə idmanının 3 yetirməsi mükafatçılar sırasına düşüb. İki güləşçi və bir boksçu yarışda fəxrü kürsüdə yer alıb. Onlardan biri xanım güləşçi Gültəkin Şirinova olub.

Şirinova 55 kq çəki dərəcəsində mübarizə aparıb. Ard-arda Özbəkistan və Kanadadan olan rəqiblərini üstələyən idmançı, yarımfinalda rus güləşçisi qarşısında 8:0 öndə olsa da, ani diqqətsizlikdən qələbəni əldən verib. Sonrakı görüşdə isə Belarus təmsilçisini məğlub edərək bürünc mükafata sahib çıxıb.

Gültəkin Şirinova- yarışın bürünc mükafatçısı: “Həmişə 53 kq-da güləşmişəm, olimpiyadaya lisenziya uğrunda da eyni çəkidə mübarizə aparmışam. Sonra çəkimi 55 kq-a dəyişdim. Bu mənim üçün bir az ağır oldu. Çəkim aşağı olduğu üçün çatdıra bilmədim. Həm də idman elədir ki, gərək güc yığasan, o çəkiyə uyğunlaşasan. Yarışda rəqiblərimlə güləşim normal oldu. Finala çıxışda rusla güləşəndə 8:0 udurdum, sadəcə bilmədim ki, döşəyə çiyin dəyən anda tuşe verirlər. Qələbəni ona verdilər və biz etiraz edə bilmədik. Məğlub oldum, sonra 3-cü yer uğrunda güləşdim, bürünc medal qazandım”.

Gültəkinin şəxsi məşqçisi, millinin tərkibində Rusiyaya yollanan Mehman Allahverdiyev yetirməsinin güləşindən razılıq ifadə edib. O, Şirinovanın məsuliyyətsizlik etdiyi üçün finala çıxa bilmədiyini söyləyib.

Mehman Allahverdiyev- əməkdar məşqçi: “8:0 qalib gəldiyi vaxt görüşü ayaqüstə davam etdirirdi. Həmin an rəqib Gültəkinin üzərinə getdi, səhvindən istifadə etdi. Bir andaca ayağı büdrədi, çiyinləri yerə dəydi. Əvvəlki qaydalarda çiyin yerə dəydikdən 1-2 saniyə sonra tuşe verirlərsə, yeni qaydalara əsasən kürək döşəyə dəyən kimi verilir. Gültəkinin çıxışını fiziki, texniki cəhətdən yüksək qiymətləndirirəm. Amma Gültəkin 8:0 öndə olanda 2 xal da alıb, görüşü 10:0 edə bilərdi”.

Rusiyadakı oyunlarda Nizami yurdundan Gültəkinlə yanaşı sərbəst güləş yarışlarında 65 kq-da Murad Haqverdiyev gümüş və boks növü üzrə 67 kq çəkidə Nəbi İsgəndərov bürünc medal qazanıblar. Azərbaycan komandası Kazanın ev sahibliyi etdiyi yarışa müxtəlif növdə çıxış edən 100-ə yaxın idmançı ilə qatılıb.

Orxan Cəfərzadə