Dünyanın güclü orduları sırasında qərarlaşan Azərbaycan Silahlı Qüvvələri yaranmasının növbəti ildönümünü qeyd edir. Müstəqllik dövründə yenidən formalaşan ordumuz 2 böyük müharibə gördü. Bunlardan biri uğursuzluqla başa çatsa da, ikincisi dünyaya səs salan zəfərlə yaddaşlara həkk olundu. Bu isə həm 1-ci Qarabağ, həm də Vətən müharibələrində iştirak edən Azərbaycanın mərd oğullarının əzyyətinin bəhrəsi idi. Elə növbəti videomaterialda da əməkdaşlarımız ordu sıralarında böyük şücaət göstərən 2 müharibə iştirakçısı ilə həmsöhbət olublar.
1-ci Qarabağ müharibəsində ordumuz tam formalaşmamışdı. Çünki Azərbaycan müstəqilliyini hələ yeni əldə etmidi. Ordu məhdud imkanlarla düşmənə maksimum müqavimət göstərirdi. Bu isə torpaqların işğalı, şəhidlərin verilməsi, ərazi bütövlüyü və suverenliyin itirilməsi ilə nəticələnirdi.
Xəqani Cəfərov- 1-ci Qarabağ müharibəsinin qazisi: “1991-ci ildə könüllülərdən ibarət ordu yaranmağa başaldı. Gəncədə də ilk özünümüdafiə batalyonunun yaranmasının təşəbbüskarı mənəm. Çox xoşbəxtəm ki, ordumuzun bünövrəsində mən də iştirak etmişəm. Bundan əvvləki ordu ilə indiki ordu arasında çox böyük fərq var. Zabitlərimiz az idi. Silah-sursat 0 səviyyəsində idi. İlk başlayanda qohum-əqrabada ov tüfəngləri kimdə varsa, pul verib alırdıq. Onunla vuruşurduq. Batalyon yarananda 12 avtomat ilə 400 nəfərlik batalyon gedib Tərtərdə Qarabağda oturmuşdu. Növbə ilə 10 nəfər durub, 1 avtomatdan istifadə edirdik”.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu istiqamətdə əsaslı dəyişikliklər başladı. Nizami ordunun formalaşması özünü cəbhədə uğurlu əməliyyatlarla göstərdi. Atəşkəs dövründə isə müqavimət gücü silah-sursat və peşəkar hərbçilərlə artan ordumuz Vətən müharibəsində qazanılmış möhtəşəm Qarabağ Zəfəri bunun sübut etdi. Qəhrəman zabit və əsgərlərimiz Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə cəmi 44 gündə 30 illik işğala son qoydu. Cəmi 1 gün ərzində ölkə suverenliyinin bərpasına nail oldu. Azərbaycanı qalib ölkəyə çevirdi Silahlı qüvvələr. Azərbaycan Ordusu qarşıya qoyulan bütün döyüş tapşırıqlarını icra etməyə qadir olduğunu göstərdi.
Mehrab Nərimanlı- Vətən müharibəsinin qazisi: “Bu, bizim üçün çox qürurverici bir gündür. Mən həqiqətən də sevinirəm ki, 4 il bundan öncə mən qələbə çalan ordunun tərkibində yer aldım. İkinci Qarabağ müharibəsi qazisyəm. Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşlərdə xidmət eləmişəm və Qubadlı istiqamətində gedən döyüşlərdə xəsarətlər alaraq ordu sıralarından ayrıldım. Bu gözəl gün münasibətilə bütün xalqımızı təbrik edirəm. Allah əsgərlərimizi, bizi qoruyan zabitlərimizi qorusun. Mən inanıram ki, artıq bundan sonra hər il biz bu 26 iyunu xüsusi gün kimi qeyd edəcəyik. Zəfər çaldığımız tarix isə daima bütün dünyanın yaddaşında silinməz olaraq qalacaq”.
Xəqani Cəfərov- 1-ci Qarabağ müharibəsinin qazisi: “Çox şükür bizim davamçılarımıza. Bizim yaratdığımız bulaq çaya çevrildi, selə çevrildi. Bizim ardıcılımız olan əsgərlər, zabitlər ölkəmizin bütövləşməsinə, itirilmiş torpaqlarımızın alınmasına qanları ilə, canları ilə xidmət etdilər. Biz də çox xoşbəxt oluruq ki, qanımız tökülən torpaqları övladlarımız aldı”.
Bu gün Azərbaycan ordusunun gücü və peşəkarlığının artırılması istiqamətində mühüm addımlar atılır. Modernləşdirilən Ordumuzun qüdrətini dünya dövlətləri də etiraf edirlər. Əminliklə deyə bilərik ki, bugünkü Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Ordumuzdan daha güclüdür. Bütöv və suveren Azərbaycanın bərpasında misilsiz xidmətləri olan ordumuz bu ilki Silahlı Qüvvələr Gününü xüsusi əhval-ruhiyyədə qeyd edir.
Aişə Rzayeva
- Baxış: 322