Bir müddətdir isti keçən havalar su hovuzlarına olan tələbatı artırıb. Sərinləmək, eləcə də idman etmək istəyənlərin üz tutduqları belə məkanlar qapalı və ya açıq olmasından asılı olmayaraq insanları özünə cəlb edir.
Hovuzlar, sosial məkandır və insanların bir araya gəldiyi, dincəndiyi və əyləncəli zaman keçirdiyi yerlərdir. Gənclər və ailələr üçün hovuzlar, günlük iş və məşğuliyyətlərdən qurtulmaq, stressi azaltmaq və bir-birləriylə əlaqə qurmaq imkanı təqdim edir. Son günlər isə su hovuzlarından saydığımız səbəblərdən yox, məhz istilərdən can qurtarmaq üçün istifadə edənlərin sayında artım müşahidə olunur.
Fazil İbrahimov- şəhər sakini: “Son günlərdə Gəncə şəhərində iyun ayı çox isti keçdiyindən istilərdən qorunmaq üçün hovuza gəlirəm. Günün 2-3 saatını burada keçirirəm. Bunun mənə faydaları da var; həm bədənimi gücləndirir, həm də ən yaxşısı istilərdən qorunmaq üçün hovuza gəlirəm”.
İlqar Əsgərzadə- şəhər sakini: “Yay tez gəldiyi üçün, istilər daha artdığı üçün gəldim hovuza ki, sərinləyim. Həm də bu hovuzda 3 saat vaxt keçirirəm. İstilərdən qorunmağın ən yaxşı yolu hovuzdur”.
Əli Cəfərli- şəhər sakini: “Biz də sərinlənməyə görə hovuza gəlirik, Günaşırı gəlirəm, 1 saat, 45 dəqiqə. Sərinləməyin ən yaxşı yollarından biri də belə hovuza gəlməkdir”.
Zülfəli Əliyev- şəhər sakini: “Mənim bura gəlməyimin başlıca səbəbi Gəncə şəhərində istilərin çoxalmasıdır. Həm sərinləyirik, həm də sağlamlıqdır. İstilərdən qorunmağın yeganə yolu hovuzdur, biz də qorunmağa çalışırıq”.
Su hovuzlarından istifadə edənlərin əksəriyyəti gənc nəslin nümayəndələridir. Gəncəətrafı çimərlik kimi istirahət zonalarının az sayda olduğunu nəzərə aldıqda, gənclər qızmar günlərdə hovuzlara üz tuturlar. Bu həm də üzgüçülüyə maraq göstərənlərin sayına da təsirsiz ötüşməyib.
Elmir Quliyev- üzgüçülük müəllimi: “İyun ayının başlamasıyla respublika ərazisində havalar çox isti keçdiyi ilə əlaqədar olaraq üzgüçülük bölməsinə də müraciətlərin sayı artmaqda davam edir. Müraciət edənlər çoxdur. Yaş kateqoriyası müxtəlifdir. İstilərlə əlaqədar olaraq axşam qruplarımızda daha çox yaşlı nəsil də gəlir, orta yaşlı nəsil də gəlir”.
Hazırda həm dövlət, həm də özəl sektor olmaqla müxtəlif hovuzlar sakinlərin xidmətindədir. Elə təklif edilən xidmətlərin çeşidi də belə məkanlarda fərqlidir. Müraciətlərin sayı da kifayət qədərdir. Qiymətlər isə 1 nəfər üçün 15-50 manat aralığında dəyişir.
Fəxri Mehtiyev- menecer: “Hal-hazırda müraciətlərin sayı çoxalıbdır. Biz əsasən spa mərkəzində gigiyenaya, təmizliyə üstünlük veririk. İyun ayında istilərin düşməsi ilə əlaqədar bizim hovuza gələnlərin sayı artıbdır. Keçən ilin iyun ayına nisbətən 40-45% artım var”.
Rəşad Məmmədov- şəhər sakini: “Havalar isti keçdiyinə görə spa mərkəzinə yaxınlaşırıq. Həm sərinləmək üçün, həm bədənin açılmağına görə üzürük. İstilərdən can qurtarmaq üçün, sərinləmək üçün ancaq hovuzlara gəlmək lazımdır”.
Hovuzların sağlam, təmiz və təhlükəsiz olması, istifadəçilərin sağlamlığını qorumaq üçün prioritet məsələdir. İnsanlar su hovuzlarından istifadə edərkən ilk növbədə suyun təmiz və şəffaf olması, daha sonra gigiyenik qaydalara riayət olunması haqqında təmizlik sertifikatını tələb etməlidirlər. Əks təqdirdə suda yaranan mikrob və bakteriyalar insan sağlamlığı üçün kütləvi şəkildə ciddi problemlər yarada bilər.
Pərvin Abbaszadə
- Baxış: 291