• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 746
— 15.06.2024 17:46

Bakıya getmək daha da asanlaşıb

KepezTV Player

Ölkədə bayram tətili başlayıb. Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün - iyunun 15-dən 19-dək iş günləri deyil. Yüksək ehtimal ki, bayram günlərində Gəncədən paytaxta və ya əks istiqamətdə gediş-gəliş artacaq. Bu baxımdan vətəndaşlara şad xəbərimiz var. Artıq Gəncədə də Bakıya səhər saatlarında qatarla yola çıxmaq imkanı yaradılıb. Sərnişin müraciətləri nəzərə alınaraq Ağstafadan Bakıya da sürət qatarı məhz günün erkən vaxtında yan alır. Həm də xəttə buraxılan yeni qatarlarla.

Gəncədən Bakıya gediş-gəliş bir qədər də asanlaşıb. Artıq səhər saatlarında nəinki Bakıdan, həm də Ağstafadan əks istiqamətə sürət qatarı yola çıxır. Bu isə sərnişinlərin daha uyğun vaxtda mənzil başına çatmasına imkan yaradır.

Belə ki, sürətli qatarlar artıq hər gün səhər və axşam saatlarında həm Bakıdan, həm də Ağstafadan hərəkət edir. Bu da təkcə paytaxtdan Qərb istiqamətində gedən sərnişinlərin yox, eyni zamanda əks istiqamətə yolu düşənlərin də işinə rahatlıq gətirib. Artıq 2 gündür xəttə buraxılan səhər reysi sərnişlinlər tərəfindən müsbət rəy alır. Çoxdan ehtiyac olduğunu qeyd edilər.

Qatarla sərnişindaşımanın sayının artırılması Milli Məclisin tribunasından da səsləndirilmişdi. Millət vəkili Naqif Həmzəyev parlametdə çıxışlarında Bakı–Ağstafa–Bakı marşrutunun hər iki istiqamətə eyni vaxta hərəkət etməsini təklif etmişdi.

Naqif Həmzəyev- millət vəkili: “Qatarın səhər saatlarından Bakıdan Ağstafa istiqamətində səfər etməsi, axşam isə Bakıya qayıtması Gəncədə və ümumilikdə qərb bölgəsində yaşayan sərnişinlər üçün müəyyən narahatçılıq yaradırdı. Çünki hanısa işini həll etmək istəyən Gəncə sakinləri bir neçə gün Bakıda qalmaq məcburiyyətində qalırdı. Və bu baxımdan da biz dəfələrlə hökumət qarşısında səhər saatlarında Gəncə-Bakı-Gəncə istiqamətində hərəkət edən əlavə xəttin də istifadəyə verilməsini xahiş edirdik. Şükürlər olsun ki, artıq bu problem öz həllini tapmaqdadır”.

Yeni reysin açılması həm də xəttə təzə qatarların istismara verilməsi ilə xarakterikdir. Birmərtəbəli qatarlar 5 vaqondan ibarətdir və sərnişin tutumu 270 nəfərdir. Yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz olunmuş qatarlarda standart, standart plyus, biznes və birinci sinif yerlər mövcuddur.

Sənubər Nəzərova- “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi: “Eyni zamanda, qatarda bar-vaqon da fəaliyyət göstərir. Xüsusilə velosiped həvəskarları, uzaq məsafə qət edən sərnişinlərimiz də öz velosipedlərini həmin vaqonda xüsusi ayrılmış yerdə saxlaya biləcəklər. Fiziki məhdudiyyətli insanların da qatarlarımızda rahat və bərabər imkanlar çərçivəsində səyahət etməsi təmin edilib. Belə ki, onlar üçün müəyyən istiqamətləndirici nişanlar quraşdırılıb. Həmçinin qatarda sərnişinlərin istirahəti üçün, onların uzaq mənzil başına təhlükəsiz və vaxtında çatdılması üçün bütün imkanlar görülüb”.

Yeni qatarlarının istismara cəlb olunması sərnişindaşıma xidmətinin təkmilləşdirilməsi ilə statistik nəticələrin artımına hesablanıb. Lakin yenilik bilet qiymətlərində əks olunmur, yəni köhnə qiymətlə yeni keyfiyyət.

Aişə Rzayeva