Məlum olduğu kimi futbol üzrə Azərbaycan milli komandasının başına məşhur çalışdırıcı Fernandu Santuş gətirilib. Onun seçməmizə hansı faydanı verəcəyi indidən maraqla gözlənilir. Düzdür, mütəxəssisin adı açıqlandıqdan dərhal sonra bir çox məqamlar müzakirə yaratsa da, prineyli məşqçinin təcrübəsi və nailiyyətləri gələcəyə ümid verir.
Yığmamızın yeni baş məşqçisi zəngin karyeraya malikdir. 70 yaşlı portuqaliyalı mütəxəssisin ən böyük uğuru ölkəsinin millisini 2016-cı ildə Avropa çempionu etməsidir. Klub futbolunda da çalışmış Santuş ölkəsinin bir sıra tanınmış klublarının - Benfika, Porto, Sportinq və Türkiyə Beşiktaşının sükanı arxasında olub. Santuşun təyinatı barədə danışan sabiq futbolçu Mətləb Məmmədov qeyd edib ki, indidən nəsə demək çətindir. Ancaq gənc çalışdırıcının sözlərinə görə, Santuş üçün millimizdə çalışmaq o qədər asan olmayacaq.
Mətləb Məmmədov- veteran futbolçu: “Ümumi götürəndə təcrübəli məşqçidir, futbolun içindən gəlir, futbolu yüksək səviyyədə bilir. Amma bizim milli komandada işləmər o qədər də asan deyil. Çünki sənin əlində Avropa, dünya səviyyəli futbolçular yoxdur. Bizdə isə o səviyyədə oyunçular yoxdur. Bu nə dərəcədə alınacaq, alınmayacaq. Bunun qərarını bir neçə aydan, ildən sonra verə bilərik”.
Fernandu Santuşun təyinatı idman mediasında da birmənalı qarşılanmayıb. Xüsusən məşqçinin yaşı böyük müzakirələrə səbəb olub. Bununla belə bir qism onun təcrübəsinə inam bəsləyir.
Anar Xanlarov- idman jurnalisti: “Dünya səviyyəsində kifayət qədər tanınan məşqçidir. Sadəcə olaraq onun bu yaşdan sonra gəlib 4 il müqavilə bağlaması bizə hansı faydanı verəcək? Gücü, enerjisi çatacaqmı? Bu məsələ var. Mətbuat konfransında da bununla bağlı sual verilib və o bildirib ki, özündə kifayət qədər güc, enerji hiss edir. Gözləyək, görək. Yəni birmənalı şəkildə “heç nə alınan deyil, pis olacaq” demək də olmaz. Ümid etmək lazımdır. Müəyyən kriteriyalar var ki, düşünürəm ki, onun üçün ilk dönəmlərdə çətin olacaq, adaptasiya dönəmini yaxşı keçə bilsə gücü, enerjisi yetərli qədər olsa, bəlkə də milliyə xeyir verə bilər”.
Fernandu Santuş millinin sayca 7-ci əcnəbi baş məşqçisidir. Onunla "3+1" illik müqavilə bağlanıb və qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.
Orxan Cəfərzadə
- Baxış: 825