• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1540
— 14.06.2024 18:56

590 məzunu olan rayon

KepezTV Player

Bu gün Samux rayonunda fəaliyyət göstərən məktəblərdə də “Son zəng” çalınıb. Heydər Əliyev Fondu tərəfindən inşa olunan Sərkar kənd tam orta məktəbində keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Təhsil Nazirliyinin məsul şəxsləri, şəhid ailələri, qazilər və valideynlər iştirak edib. Məzunlar təbrik edilib, onlara gələcək həyatlarında uğurlar arzulanıb. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan danışılıb. Samuxda təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər yüksək qiymətləndirilib. Rayondakı 23 tam orta məktəbi bu gün 590 məzun bitirir. İlkin nəticələrə əsasən, məzunların buraxılış və qəbul imtahanlarının göstəriciləri qənaətbəxşdir. Tədbirdə məzunların və məktəblilərin hazırladıqları səhnəciklər təqdim edilib. Sevinc və həyəcan dolu duyğularla gözlənilən on bir illik məktəb həyatının sonuncu zəngi çalınıb.

Nurlana Həsənova- Samux rayon Təhsil sektorunun müdiri: “2023-2024-cü tədris ili respublikamızın digər rayonları kimi Samux rayonunun ümumtəhsil məktəbləri üçün də uğurlu olub. Belə ki, bu il Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan müxtəlif fənn müsabiqlərində və olimpiadalarda şagirdlərimiz fəal iştirak edib. İstər ümumi orta təhsil, istərsə də tam orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri ürəkaçandır. Belə ki, rayonun orta bal göstəricisi digər illərlə müqayisədə daha yüksək olub”.  

Aişə Rzayeva