Kimlər üçünsə bir başlanğıc, kimlər üçünsə yola davam günüdür bü gün. Sinif otağını auditoriyaya dəyişmək üçün can atanlar həyəcanlı və kədərli, hələ uzun illər parta arxasında bilik öyrənənlər isə sevincli idilər. Yaşananlar “Son zəng”in yaratdığı ab-havadır. Bu gün ölkənin bütün məktəblərində olduğu kimi Gəncənin də təhsil ocaqlarında “Son zəng” çalınıb.
Bu gün məktəblərdə çalınan bu zəng 11-ciləri həyatın növbəti mərhələsinə qədəm qoymağa, 1-ciləri isə hələ uzun illər dərsləri üzərində möhkəm çalışmağa səsləyirdi. Zəngin sonuncu dəfə çalınması isə fərqli hisslər yaradırdı. Sevinən də var idi, kədərlənən də, gözləri dolan da, üzündə təbəssüm gəzdirən də. Amma artıq həddi-buluğa çatan yeniyetmələr üçün daha məktəb həyatı ilə vidalaşmaq üçün çalınırdı “Son zəng”. Bunu fürsət bilinlər isə təbrikləşir, ürək sözlərini dilə gətirir, hətta bir-birlərinin köynəklərinə qeyd edirdilər.
Bu gün Gəncədəki 45 məktəbdən məzun olan 3169 məzuna arzular da, istəklər də eyni idi. Çıxışlarda tələbə adını qazanmaq, gələcək həyatda uğurlar dilənirdi onlara.
Bu gün Vətəni hər şeydən üstün tutan şəhidlərin övladları da məzun olanların sırasında idi. Onlardan biri 16 N məktəbdən şəhid Araz Məmmədovun oğlu Əli Məmmədov, digəri isə 28 N məktəbin yetirməsi Fatimə Maşıyevadır.
Təbii ki, “Son zəng” tədbirlərini hazırlanan musiqili proqramlar, ifalarsız təsəvvür etmək olmur. Elə bu gün də həm 11-cilərin, həm də 1-cilərin ifasında təqdim olunan səhnəciklər alqışlarla, eləcə də maraqla qarşılandı. Onu da qeyd edək ki, bu il Cavadxan yurdunda 3832 şagird 1-ci sinfi başa vurub.
2023-2024-cü tədris ilində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinin 11-ci siniflərini 5 629 nəfər bitirib. 1-cilərin sayı isə 7 140 şagirddir.
Orxan Cəfərzadə
- Baxış: 331