• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1137
— 11.06.2024 18:45

Yeni mövsüm Basketbol Liqasında hansı yeniliklər gözlənilir?

KepezTV Player

Azərbaycan Basketbol Federasiyasında Basketbol Liqasının növbəti mövsümü üçün klublarla görüş keçirilib. Gündəlikdə olan məsələlərin müzakirə edildiyi toplantıda Gəncəni əməkdar məşqçi Rizvan Səfərov təmsil edib.

Bakıda reallaşan yığıncaqda gündəlikdə duran əsas məsələlər barədə söhbət açılıb, federasiya rəhbərliyi ilə klub rəsmiləri arasında fikir mübadiləsi aparılıb. İclasda bütün klub rəsmilərinin səsləndirdiyi fikirlər federasiya rəhbərliyi tərəfindən diqqətə alınıb. Gəncə Basketbol Klubunun nümayəndəsi Rizvan Səfərov da gələcək mövsüm üçün təkliflər verib.

Rizvan Səfərov- əməkdar məşqçi: “Klub rəsmiləri tərəfindən legioner limiti 3-2 və ya 4-1 formatında keçirilməsi fikri irəli sürüldü. Qərar federasiya rəhbərliyinindir, bu haqda rəyasət heyəti qərar verəcək. Oğlanlar və qızlar arasında U-14 liqasının keçirilməsi təklif edildi. Sonra komandaların say tərkibinə yenilərinin əlavə olunması ilə bağlı müzakirələr oldu. Biz də Gəncə Basketbol Klubunu təmsil edərək çalışdıq ki, müzakirələrdə aktiv iştirak edək”.

Əməkdar məşqçi yeni formalaşan federasiyanın qısa zamanda müəyyən işlər gördüyünə diqqət çəkib. Bunun yeni mövsümdən gözləntilərə də təsir edəcəyini istisna etməyib.

Rizvan Səfərov- əməkdar məşqçi: “Yeni yaranmış Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi digər ölkələrdə 8-10 ərzində görüləcək işləri iki il ərzində yerinə yetirib. Uşaq basketbol liqası, qadın liqası, basketbol liqasının yüksək səviyyədə təşkil olunması getdikcə rəhbərliyin planlı işinin nəticəsi olaraq ildən-ilə irəliyə doğru getməsi gözlənilir. Onun üçün də qarşıdakı mövsümdə də ABL-in daha da yüksək səviyyədə keçirilməsi, yeni hakimlərin liqalarda iştirakı hamısı basketbol federasiyasının gördüyü işin nəticəsi olaraq dəyərləndirilir”.

Basketbol liqasında qarşıdakı mövsüm üçün ən çox maraqdoğuran məsələ legioner limiti ilə bağlıdır. Həm legioner, həm digər məsələrlə bağlı qərarların iyun ayı ərzində verilməsi gözlənilir.

Orxan Cəfərzadə