• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1019
— 05.06.2024 19:26

Milli Qəhrəmanın xatirəsi karate birinciliyində anıldı

KepezTV Player

Gəncədə karate üzrə açıq birincilik keçirilib. Azərbaycan Karate Federasiyasiyasının Gəncə regional bölməsi tərəfindən təşkil edilən və Yerli Olimpiya İdman Kompleksində reallaşan yarış Milli Qəhrəman Ənvər Arazovun xatirəsinə həsr olunub.

Yarışın rəsmi hissəsində bu idman növünün Gəncədə ənənəsinin olduğu və şəhəri təmsil edən karateçilərin bir sıra beynəlxalq turnirlərdə uğur qazandıqları diqqətə çatdırılıb. Belə yarışlar karatenin kütləviliyinə nail olmaq, eləcə də vətən uğrunda canından keçən milli qəhrəmanlarımızın tanıdılması baxımından böyük önəm daşıyır. Yarışa gəlincə, açıq xarakterli olduğundan müxtəlif bölgələri təmsil edən 15-ə yaxın komanda iştirak edib.

Qabil Sayadov- AKF-nin baş katibi: “Məqsəd regionlarda, xüsusilə də Gəncə regionunda karatenin daha da inkişaf etdirilməsidir. Çünki Gəncə Bakıdan sonra ən böyük şəhərimizdir. Bütün idmançılar kiçik turnirlərdə bişməlidir, yetişməlidir, təcrübə qazanmalıdır ki, daha böyük arenalarda vuruşsunlar. Onun üçün də bölgələrdə bu cür yarışların keçirilməsi çox önəmlidir. Burada bişməlidirlər və daha böyük yarışlar üçün namizədlər seçilməlidir”.

Azər Arazov- Milli Qəhrəman Ənvər Arazovun oğlu: “Tədbirin təşkilatçılarına minnətdaram. Bizim üçün qürurvericidir ki, mənim atamın adına belə bir yarış keçirilir. İnşallah, belə tədbirlər davamlı olar. Mənim timsalımda bütün şəhid övladları üçün mənəvi dəstəkdir. Ən böyük mənəvi dəstəklərdən biri şəhidlərimizin, qəhrəmalarımızın adının anılmasıdır”.

Həm oğlan, həm də qız döyüşçülərin mübarizə apardığı açıq birincilikdə uşaq, yeniyetmə və gənclər bacarıqlarını göstəriblər. Ümumilikdə yarışda 30-dan çox çəki dərəcəsində 200-ə yaxın karateçi qalib olmağa çalışıb.

Banu Hacıyeva- yarış iştirakçısı: “Biz bura gəlib, təcrübə yığırıq. İstəyərdim ki, belə yarışlar tez-tez keçirilsin. Həm qızlar, həm də oğlanlar üçün şərait yaradılır”.

Ziya Məmmədli- yarış iştirakçısı: “Bu yarışlar çox gözəldir. O biri rayonlardan gələn dostlarımızla əlaqə qururuq. Qarşıdakı yarışlara hazırlaşırıq”.

Xatirə yarışı 5-ci dəfədir ki, təşkil olunub. Artıq bir neçə ildir ənənə halını alan birinciliyin qarşıdakı illərdə də keçirilməsi planlaşdırılır.

Orxan Cəfərzadə