• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1812
— 04.06.2024 19:04

13 medal Gəncə boksçularını komanda hesabında birinci edib

KepezTV Player

Gəncənin boks komandası Bakıda keçirilən kadetlər arasında respublika birinciliyində uğurlu nəticə əldə edib. Dəri əlcək ustaları göstərdikləri nəticələrə görə komanda hesabında birinci olublar.

Yarışda ölkənin ayrı-ayrı şəhər və rayonlarından olan 56 komandanın tərkibində 220 boksçu rinqə çıxıb. Nizami yurdunun komandası birincilikdə 13 fərqli əyarlı medala yiyələnib. Mükafatlardan 3-ü qızıl, 6-sı gümüş, 4-ü isə bürünc olub. Gəncə kollektivində oğlanlar arasında məşqçi Səbuhi Namazovun yetirməsi 48 kq-da Tunar Mehdiyev, Məhəmməd Əliyevin yetirməsi 66 kq çəkidə Şahin Layıcov və qızlarda Elçin İsrəfilinin yetirməsi 46 kq-da Selcan İbayeva çempion adını qazanıblar. Bu nailiyyət Gəncə komandasını medal sıralamasında rəqiblər üçün əlçatmaz edib.

Tunar Mehdiyev- yarışın qalibi: “Bu yarış yaxşı yarış idi. Ciddi hazırlaşmışdım və bütün rəqiblərimə qalib gəldim. Mən çempion olaraq milli komandaya dəvət olundum. Yığmanın tərkibində yaxşı hazırlaşıb, Avropada nəticə əldə etməyə çalışacağıq”.

Selcan İbayeva- yarışın qalibi: “Yarışa ilk dəfə idi qatılırdım və qələbə qazandım. Qarşıda bizi beynəlxalq yarışlar gözləyir. İnşallah, orada da qələbə qazanaram”.

Şahin Layıcov- yarışın qalibi: “4 döyüş keçirdim. İkisində vaxtından əvvəl, ikisində isə xal hesabı ilə qalib gəldim və birinci oldum. Gələcək yarışlarda da ölkəmizi layiqincə təmsil edib, himnimizi səsləndirib, bayrağımızı yüksəldəcəm”.

Əldə olunan nailiyyəti Gəncə komandasının baş məşqçisi Məhəmməd Əliyev yüksək dəyərləndirib. Çalışdırıcı nəticə verən idmançılardan qarşıdakı yarışlarda da uğur gözlədiklərini deyib.

Məhəmməd Əliyev- Gəncənin boks bölməsinin baş məşqçisi: “Keçən ilə baxanda bu il yüksək nəticə verdik. Ötən il medal sayımız az idi, bu il çox oldu. Bunu yüksək dəyərləndiririk. Birinci yerə çıxan yetirmələrimizi milli komandada təlim-məşq toplanışı və turnirlər gözləyir. Onlardan yüksək nəticə, Avropa medalı gözləyirik”.

Respublika birinciliyinin qalibləri daha mötəbər yarışa vəsiqə qazanıblar. Nizami yurdunun yetirmələri iyul ayında İtaliyanın Assisi şəhərində təşkil ediləcək Avropa çempionatında millimizin heyətində yer alacaqlar.

Orxan Cəfərzadə