• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1098
— 31.05.2024 19:45

Gəncə cüdoçuları beynəlxalq yarışda fəxri kürsüyə yüksəlib

KepezTV Player

Gəncəli tatami ustaları Bakıda Qazaxıstan yığmasının da iştirak etdiyi cüdo turnirində fərqləniblər. Nizami yurdunun idmançılarından 2-si mükafatçılar sırasına düşüb.

Azyaşlıların yarışında əməkdar məşqçi Xanəhməd Rzazadənin 3 yetirməsi qüvvəsini sınayıb. Onlardan biri fəxri kürsüdə yer ala bilməsə də, digərləri doğma şəhərə medalla dönüb. 2014-cü il təvəllüdlü oğlanlar arasında 30 kq-da Mehrac Nəsirzadə turniri bürünc medalla tamamlayıb. Ən yaxşı nəticəni isə 27 kq çəkidə Vidadi Babazadə əldə edib. 9 yaşlı cüdoçu bütün rəqiblərini qabaqlayaraq yarışda birinci olub.

Vidadi Babazadə- beynəlxalq yarışın qalibi: “Mən ilk dəfə beynəlxalq yarışa gedirdim. İstəyirdim ki, qalib olam. 5 görüş keçirdim, biri qazax, 4-ü yerli rəqib idi. Hamısını məğlub edib, çempion oldum”.

Mehrac Nəsirzadə- beynəlxalq yarışın bürünc mükafatçısı: “Yarış güclü yarış idi. Xarici ölkədən də gəlmişdilər. Çempion olmaq arzusundaydım, amma 3-cü yerə çıxdım. Söz verirəm ki, gələcəkdə yarışlara daha güclü hazırlaşıb, qızıl medalla qayıdacam”.

Yetirmələrinin çıxışını dəyərləndirən əməkdar məşqçi Xanəhməd Rzazadə nəticənin onu qane etdiyini deyib. Çalışdırıcı cüdoçuları gələcəkdə müvafiq yaş qrupu üzrə milliyə qazandırmaq arzusundadır.

Xanəhməd Rzazadə- əməkdar məşqçi: “Bu yarışa 3 idmançı ilə getdik. Hər üçünə inanırdım. Birinin birinci yer, birinin üçüncü yerə çıxmağı məni qane edir. Bu idmançıların ayaq səsləridir. Bu yarış bizim idmançılarımız üçün gözəl yarış idi və yaxşı da çıxış etdilər. Yetirmələrimə güvənirəm. İnşallah, bu cüdoçuları gələcəkdə Azərbaycan cüdosuna qazandırmaq üçün əlimdən gələni edəcəm”.

Azyaşlı cüdoçular üçün bu, demək olar ki, mövsümün sonuncu yarışı olub. Payızda başlayacaq növbəti mövsümdə isə tatami ustaları zona və Azərbaycan birinciliyində iştirak edəcəklər. 

Orxan Cəfərzadə