Gəncədə Prokurorluq orqanlarının fəaliyyətinə olan ictimai maraq nəzərə alınaraq şəhər prokurorluğunun binasında “Açıq qapı” günü keçirilib. Tədbirdə məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, prokurorluğun tarixi keçmişi ilə ictimaiyyəti tanış etmək olub. Qonaqlara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə danışılıb. Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah olunub. Fikir mübadiləsi aparılıb, prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı onları maraqlandıran suallar cavablandırılıb.
Ekoloji hüquqpozmalarla bağlı konfrans baş tutub
Daha sonra “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq “Ekoloji hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma” adlı işgüzar konfrans keçirilib. Keçən il ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 2 milyon 655 min manat məbləğində pulun ödənilməsinin təmin edildiyi vurğulanıb. Ekoloji hüquqpozmalar üzrə 133 cinayət işi başlanaraq istintaqının aparılması üçün aidiyyatı üzrə göndərilib. 36 inzibati xəta haqqında iş üzrə icraat başlanıb, qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair müvafiq təşkilatlara 33 halda təqdimatlar verilib.
Heydər Məmmədov- Baş prokurorun müavini: “Prokurorluq orqanları bir tərəfdən ətraf mühitin qorunması, ekoloji mühitin pozulmasına qarşı mübarizənin gücləndirilməsi, maarifləndirmə tədbirləri, eyni zamanda profilaktik tədbirlərin həyata keçirilməsi istiqamətində aidiyyəti dövlət qurumları ilə koordinasiyalı və konstruktiv şəkildə fəaliyyətinə davam edir. Digər bir tərəfdən isə artıq törədilmiş ekoloji hüquq pozulmalarına düzgün, hüquqi qiymətin verilməsi, daha sonra qaldırılmış cinayət işləri üzrə cinayət-prosessual qanunvericiliyin yaratdığı imkanlar çərçivəsində həmin işləri görən təqsirləndirilən şəxslərin cinayətə adekvat şəkildə cəzaların alınması kimi məsələlər daim prokurorluğun diqqət mərkəzindədir”.
Pərvin Abbaszadə
- Baxış: 242