• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1455
— 24.05.2024 18:33

Qəbul ballarına təsir göstərən faktorlar

KepezTV Player

Gələn tədris ilində iki yeni ali təhsil müəssisəsi – Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması plan yerlərinin artacağını qaçılmaz edib. Eləcə də bu il buraxılış imtahanlarında 11-cilərin göstərdikləri yüksək nailiyyət qəbul ballarına təsirsiz ötüşməyəcək.

“Azərbaycanda yeni tədris ilində iki yeni universitetin açılması qəbul ballarına təsir edəcək”. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Dim sədri bəzi ixtisaslarda orta balın artacağını da istisna etməyib. Buna təsir edən səbəblər var. 

Elçin Əfəndi- təhsil eksperti: “Builki ildə əldə olunan imtahan nəticələri ötən ilə nisbətən daha yüksəkdir. Bu isə onu deməyə əsas verir ki, cari ildə buraxılış imtahanında əldə olunan nəticələr əgər blok imtahanında da təkrarlanarsa bu, mövcud ayrılacaq plan yerlərində, eyni zamanda ixtisas qruplarında mövcud olan ixtisaslarda keçid ballarına təsir etmiş olacaq. Qeyd edim ki, buraxılış imtahanında bu il 50 nəfərdən çox maksimal nəticə əldə edib, yəni 300 bal toplayıb. Ümumilikdə isə 250-300 bal aralığı 8877 nəfər abituriyent nəticə əldə edib”.

Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin rəhbəri Nəsimi Məmmədov da bu il abituriyent göstəricilərinin yüksək olduğuna diqqət çəkir. Şagirdlərin orta ballarının yüksək olduğunu qeyd edir.

Nəsimi Məmmədov- DİM-in Gəncə Regional Bölməsinin müdiri: “Həqiqiqən də bu il şagirdlərin imtahan prosesində buraxılış imtahanlarında orta göstəriciləri, topladıqları ballar əvvəlki ballardan 5-6 faiz olmaqla çoxdur. Və bu onun göstəricisidir ki, illər üzrə şagirdlərin bilik və bacarıqlarının artırılmasında müəyyən irəliləyişlər var”.

Bu il olması gözlənilən plan yerlərinin sayına gəlincə... 

Elçin Əfəndi- təhsil eksperti: “600-ə yaxın ümumi plan yerində artım var. Amma ümumi hər bir universitetdə ixtisaslar üzrə ayrılacaq plan yerində təxminən 60 min üzəri nəzərdə tutulub. Bu da ötən illərlə müqayisədə 3- 4 min plan yerinin artımı deməkdir. Əlbəttə bu da müəyyən qədər ballara təsir etmiş olacaq”.

Ballar və plan yerləri haqqında daha dəqiq blok imtahanı başa çatdıqdan sonra danışmaq mümükün olacaq. Qəbul imtahanının 2- ci mərhələsinin 1- ci cəhdində iştirak etmək üçün 85 mindən çox abituriyent qeydiyyatdan keçib.

Aişə Rzayeva