• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1086
— 20.05.2024 10:08

Əyinə geyinilən kondisionerlər istehsal olunub

Yapon texnologiya nəhəngi “Sony” isti havalardan yorulan insanlara geyinilə bilən kondisionerilə sərinləmək fürsəti təqdim edir. Bəs "Reon Pocket 5" adlı portativ kondisioner nələr təklif edir?
Adından da məlum olduğu kimi, geyinilə bilən kondisioner konsepti “Sony” üçün yeni deyil. İlk dəfə 2019-cu ildə təqdim edilən cihaz, müxtəlif inkişaf mərhələlərindən keçərək 5-ci versiyasına çatıb. Portativ kondisioner termoelektrik soyutma prinsipi ilə işləyir. Peltier soyuducusu da adlandırılan sistemdə istilik köçürməsi müxtəlif temperaturlu iki plitə arasında yerləşdirilən yarımkeçirici elektrodlara cərəyan tətbiq edildikdə baş verir. Soyutma isə isti tərəfdən soyuq tərəfə istilik axını təmin etməklə əldə edilir. 

Cihaz soyutma ilə yanaşı, bir neçə sensorlar ilə birlikdə gəlir. Bu sensorlar ilə optimal soyutma səviyyəsi bədəninizin və havanın temperaturunu, rütubətini və hərəkətini izləməklə tənzimlənir. Soyuq havalar üçün isitmə xüsusiyyətinə də malik olan cihaz müxtəlif sensorları ehtiva edən və soyutma və qızdırma parametrlərini tənzimləməyə imkan verən "Reon Pocket Tag" adlı başqa bir kiçik modula malikdir. Həmçinin cihazı mobil tətbiq vasitəsilə də idarə etmək mümkündür. Sony bildirir ki, "Reon Pocket 5" əvvəlki versiya ilə müqayisədə 1,5 dəfə yüksək soyutma performansına malikdir və 1,8 dəfə daha uzun batareya (dördüncü səviyyədə 7,5 saat) ömrü təklif edir. Ekonom rejimdə isə tam 17 saat işləyə bilər və səs-küy səviyyəsində 20% azalma olduğu bildirilir.

“Sony”nin daha əvvəl Yaponiya və Asiya bazarında satılan portativ kondisionerləri ilk dəfə İngiltərədə satışa təqdim edilərək qlobal bazara açılmağı hədəfləyir. Məhsul 170$ qiymət etiketi ilə “Sony”-nin Böyük Britaniya saytında satışa çıxarılıb. Əsas paketə cihazın özü, “Reon” cib etiketi və ağ boyunbağı daxildir.