Artıq son 10 gündür ki, respublika ərazisində fasiləli şəkildə yağışlı və küləkli hava şəraiti müşahidə edilir. Regionların bir qisminə hətta dolu da düşüb. Belə hava heç şübhəsiz təsərrüfatla məşğul olanlar üçün ürəkaçan deyil.
Bitkiçilik sahəsində istehsalı və keyfiyyəti şərtləndirən əsas amillərdən biri də hava şəraitidir. Yağıntının normadan az və ya çox düşməsi, havanın mülayim və ya şaxtalı keçməsi kənd təsərrüfatı bitkilərinə bu və ya digər dərəcədə təsir göstərir. Eləcə də mütəmadi yağan yağışlar. Bu isə əziyyətlə əkilib-becərilən məhsulların keyfiyyətini aşağı salır, istehsalın həcminə təsir edir. Digər tərəfdən, bu, həm də bazara çıxarılacaq meyvə-tərəvəzin satış qiymətlərini də bahalaşdırır. Fermerlərin sözlərinə görə, yağan yağışların xeyirindən çox ziyanı var.
Müşfiq Umudov- fermer: “Yağışın leysan xarakterli yağmasının meyvə bağlarına böyük təsiri var. Belə ki, meyvə bağlarında xəstəliklərin, zərərvericilərin yaranmasıda əlverişli şərait yaradır. Alma ağacında unlu şeh, dəmgil xəstəliyi, şaftalıda fır xəstəliyi, mənənələrin və qurdların yaranmasına əlverişli şərait yaradıb”.
Eyni zamanda, taxıl məhsulunda vegetasiyanın başladığı dövrdə yağıntılı günlərin uzun müddət davam etməsi bitkilərdə fotosintez prosesinin pozulmasına gətirib çıxarır.
Müşfiq Umudov- fermer: “Yağışın intensiv yağması meyvə bağıyla bərabər taxıl sahəsinə, buğda sahəsinə də ciddi ziyan vurub. Belə ki, hal-hazırda taxılda mayalanma dövrüdür. Mayalanmasına ciddi ziyan vurur. Hətta arpada pas xəstəliyi əmələ gətirib, unlu şeh xəstəliyi əmələ gətirib”.
Bundan başqa, yağmur ağac və bitkilərdə bir çox xəstəliklərin baş qaldırma ehtimalını yaradır ki, fermerlər bununla bağlı lazımi tədbirlər görməlidirlər. Kənd təsərrüfatı mütəxəssisi Hüseyn İdrisov belə deyir.
Hüseyn İdrisov- ADAU-nun Bağçılıq kafedrasının dosenti: “Yağışın yağmağı əksər bitkilərə öz mənfi təsirini göstərir. Birinci, yağış bütün xəstəliklər və zərərvericilər üçün çox münbit şərait yaradır. Yəni bütün xəstəlik və zərərvericilər üçün mübarizə aparmaqdan ötrü mütləq şəkildə quru hava lazımdır. Yəni yağışlı havada buna qarşı mübarizə aparmaq mümkün deyil. İstər taxılda, istərsə də meyvə bitkilərində məhsuldarlığa ziyanı olacaqdır. Çünki mən bu gün bağa girdikdə də onun fəsadlarının üzdə olduğunu gördüm”.
Mütəxəssislər hesab edirlər ki, ağaclara düzgün aqrotexniki qulluq edərək -kompleks gübrələr verilməklə, yüksək məhsuldarlıq əldə etmək olar. Hidrometeoroloqlar isə bildirir ki, qərb bölgəsində intensiv yağışlar mayın axırınadək fasilələrlə davam edəcək.
Pərvin Abbaszadə
- Baxış: 338