Gələn il ölkəmizdə 3-cü MDB oyunları keçiriləcək. Bu böyük yarışa Gəncə şəhəri ev sahibliyi edəcək. Ancaq ayrı-ayrı idman növləri üzrə mübarizələr yalnız Nizami yurdunda təşkil edilməyəcək, ətraf rayonlarda idman ifrastrukturu uyğun olan məkanlarda da yarışlar baş tutacaq. Artıq sambo üzrə görüşlərin harada keçirilməsi müəyyənləşib.
Sambo Olimpiya idman növü olmasa da, MDB ölkələri arasında populyarlığı ilə seçilir. Növbəti MDB oyunlarında da bu növ yarışların siyahısında yer alıb. Oyunlarda Gəncə mərkəz rolunu oynasa da, bir sıra yarışlar Cavadxan yurdundan kənarda keçiriləcək. O cümlədən sambo. Yarışların Qazax Olimpiya İdman Kompleksində təşkili planlaşdırılır.
Yaqub Abdullayev- sambo üzrə yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi: “Artıq biz həmin idman kompleksinə baxış keçirmişik və orada sambo üçün lazımi şərait yaradılacaq. Bizim idmançılarımız orada yeniyetmələr arasında güləşəcəklər. Onlar 2007-2009-cu il təvəllüdlü idmançılardır. Ümidvarıq ki, bizə həm nazirlik, həm də federasiya tərəfindən yüksək səviyyədə köməklik göstəriləcək”.
Azərbaycana həvalə edilən oyunlarda yığmamız 8 samboçu ilə təmsil olunacaq. Millinin baş məşqçisi Yaqub Abullayev doğma divarlar arasında təşkil ediləcək yarışda yaxşı nəticə qazanmaq istədiklərini ifadə edib. Yaqub Abdullayev- sambo üzrə yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi: “Biz həm fiziki, həm də taktiki-texniki hazırlıq üzrə təlim-məşq toplanışları keçəcəyik. Bizə yaradılan şəraitdən idmançı və məşqçilər layiqincə istifadə edəcəklər. Çalışacağıq, necə ki 1-ci MDB oyunlarında samboçularımız yüksək nailiyyət əldə etmişdilər, bu oyunlarda da bütün gücümüzü, bacarığımızı ortaya qoyacağıq ki, ən yaxşı nəticələri qazanaq”.
Azərbaycan millisi 7 nəfərlə qatıldığı 1-ci MDB oyunlarında 5 medal, eyni sayda idmançı ilə 2-ci MDB yarışlarında isə cəmi 1 mükafat qazanıb. Ev sahibliyi edəcəyimiz 3-cü oyunlarda isə komandamız daha böyük uğur əldə etməyə köklənib.
Orxan Cəfərzadə
- Baxış: 393