Ümumilli lider Heydər Əliyev anadan olmasının 101-ci ildönümü ilə bağlı Gəncə şəhər 1 nömrəli tam orta məktəbdə mini-futbol yarışı start götürüb. Birinciliyin açılış mərasimində idman ictimaiyyətinin nümayəndələri, o cümlədən “Kəpəz” futbol klubunun baş məşqçisi Adil Şükürov və futbolçular iştirak ediblər. Rəsmi hissədə çıxış edənlər ulu öndərin idman sahəsində həyata keçirdiyi işlərdən bəhs ediblər. Həmçinin vurğulanıb ki, belə yarışlar yeniyetmələrin gələcəkdə idmana meyllənmələri üçün əhəmiyyətli hesab edilir. Bədii hissədə isə şagirdlər bacarıqlarını nümayiş etidiriblər. Güləşçilər döşək üzərinə çıxıb, gimnastlar musiqi sədaları altında müxtəlif idman hərəkətləri ediblər. Eləcə də, məktəblilərin musiqi alətlərində ifası, oynaq havaların fonunda rəqsi xoş ovqat yaradıb. Açılışdan sonra ilk oyun keçirilib. Yarışda 11 kollektiv qüvvəsini sınayır.
Taleh Məmmədov- yarışın baş hakimi: “Bu cür yarışların keçirilməsinin iki faktoru var. Həm ümummilli lider Heydər Əliyevin irsini uşaqlara aşılamaq, tanıtmaq, ikinci faktor bundan ibarətdir ki, hamıya məlumdur ki, bütün idman növləri ölkəmizdə inkişaf edir, o cümlədən də futbol. Biz uşaqlarda futbola marağı artırmaq üçün bu cür turnirləri tez-tez keçiririk ki, bizim də töhfəmiz olsun”.
Olavale Onanuqa- “Kəpəz”in oyunçusu: “Bu tədbir çox maraqlı idi, yaxşı təşkil olunub. Hər bir şey məktəblilər üçün çox yaxşı düşünülüb. Bu, bizi çox sevindirir. Belə tədbirlər futbola marağı artırır. Ümid edirəm ki, buradakı məktəblilər arasından yaxşı futbolçular yetişəcək”.
Orxan Cəfərzadə
- Baxış: 283