• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1868
— 04.05.2024 19:13

Elektron formada aparılan qəbul prosesinə yardım

KepezTV Player

Mayın 1-dən yeni tədris ili üçün məktəblərin 1-ci siniflərinə şagird qəbuluna başlanılıb. Proses elektron formada aparılır və bütün şəhər və rayonların yardım mərkəzləri də yaradılıb.

Məktəblərin birinci siniflərinə şagird qəbulu Azərbaycan bölməsi üzrə mayın 3-dən sentyabrın 13-dək aparılacaq. Mayın 3-dən 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə qeydiyyat planlaşdırılır. Mayın 7-dən 30-dək müsahibə mərhələsi keçiriləcək. Valideynlər  məktəb və müəllim seçimini də etməlidirlər. 

Elvira Şükürova- Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı: “Şagirdlərin məktəbəqəbul prosesinə start verilmişdir. Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qruplarında olan 4820 nəfər şagird avtomatik olaraq sistem tərəfindən 1-ci sinifə qaldırılmışdır. Məktəbəhazırlıq qruplarında rus bölməsi üzrə cəlb olunan 656 nəfər uşağın avtomatik qalxması isə təşkil olunan müsahibələrin nəticələrinə uyğun olaraq həyata keçiriləcəkdir”.

Elektron qəbul prosesində valideynlərə kömək məqsədilə ölkə üzrə ümumilikdə Gəncə də daxil olmaqla 326 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb.

Valideyn: “Biz getdik “ASAN Xidmət”ə, ora getməyimizi bizə məsləhət gördülər. “ASAN Xidmət”də işimizi asanlaşdırmaq üçün uşağımızı qeydiyyatdan keçirdilər”.

Valideyn: “Mən öz övladımı 1-ci sinifə gətirirdim. Özüm təhlükəsiz olması üçün qeydiyyadan keçirmədim. 25 nömrəli tam orta məktəbin alternativ mərkəzinə gətirdim. Sağ olsunlar, nümayəndəlik qeydiyyatdan keçirdi və övladım 25 nömrəli tam orta məktəbin 1-ci sinifinə qəbul oldu”.

Valideyn: “Mən uşağımı məktəbə gətirdim. İnternetdən başım çıxmadığı üçün, gəldim burda - məktəbdə sağ olsunlar, köməklik elədilər. Uşağımı 1-ci sinifdən bütün qeydiyyatlardan keçirdilər, hamısına təşəkkür edirəm ki, uşağım sentyabr ayında bu məktəbdə təhsilə başlayacaq”.

Birinci sinfə sənəd qəbulu təhsil idarələrində, “ASAN Xidmət” mərkəzlərində və Alternativ Qeydiyyat Mərkəzində aparılır. Onlayn formada isə proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə həyata keçirilir.

Pərvin Abbaszadə