• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 979
— 27.04.2024 19:35

Xaricdən avtomobil alarkən nəyə diqqət etməliyik?

KepezTV Player

Özünə avtomobil almaq istəyənlərin bir çoxu indi hərrac vasitəsilə xaricdən özü üçün nəqliyyat vasitəsi əldə etməyə üstünlük verir. Onlayn auksion vasitəsilə əldə edilən maşınların reallıqda alıcısının ürəyincə olduğunu isə əminliklə söyləmək olmur. Baxmayaraq ki, ödənişi əvvəlcədən edilir, amma təyinat məntəqəsinə çatanda görünüşlə reallığın üst-üstə düşmədiyi hallar da olur. Belə hallar yaşanarkən nə etməli?

Müasir dövrdə insanların gündəlik tələbat vasitələrdən biri də avtomobillərdir. Odur ki, avtomobil alqı-satqısı daim cəmiyyətin müxtəlif nümayəndələrinin diqqət mərkəzində olur. Ölkədə avtomobil satışları ilə məşğul olan rəsmi dilerlər, ikinci əl avtomobillərin satıldığı bazarlar, alqı-satqı saytları ilə yanaşı xaricdən sifarişlə avtomobil gətirən şirkətlər də fəaliyyət göstərir.

Kamil Kərimov- mütəxəssis: “Tələbat var. Daxili bazarla Koreya bazarında hardasa 2000-3000 manat qiymətdə fərq edir. Ona görə də müştərilərin daha çox tələbatı var. Avtomobilimizin dediyimiz kimi olmasıyla bağlı biz məsuliyyət daşıyırıq və rəsmiləşdirmə də invoys (qaimə) şəklində olur. Yəni bank vasitəsiylə ödəniş olur. Müştərinin pulunu heç bir təhlükə gözləmir, çünki rəsmi şəkildə banka müraciət edib, ödənişlərini edirlər. Saxta şirkətlər yaradırlar, müştərilərin pulunu mənimsəyirlər. Yəni ona görə də rəsmiliyinə diqqət etmək lazımdır. Hər hansı bir şirkətin nə dərəcədə işlədiyini bir az araşdırsalar daha yaxşı olar”.

Sadiq Xudaverdiyev- mütəxəssis: “Şirkətlər arasında bəziləri var ki, bu işdə mütəxəssisdirlər, bəziləri var ki, bu işi başqalarından öyrənmək adı ilə istifadə edirlər. Çünki hər işin mütəxəssisi olduğu kimi bu işin də mütəxəssisi var. Mən məsləhət görərdim ki, ya özləri edə bilirlərsə özləri etsinlər, edə bilmirlərsə araşdırıb, sırf bu işlə məşğul olan rəsmi şirkətlərə müraciət etsinlər ki, həm pulları batmasın, həm də aldanmasınlar”.

Qeyd edildiyi kimi bu işin işbazları da var. Hansı ki, onların vədlərinə aldanıb, gözləntilərindən məyus olub, ziyana düşürlər. Ya görünüşü, ya müəyyən detalları, ya funksionallığı reallıqdan uzaq olduğuna görə. Müşahidələr də onu göstərir ki, xaricidən avtomobil sifariş edənlər arasında aldananlara da rast gəlinir. 

Səbuhi Bəşirov- alıcı: “Əvvəlcə maşını özüm almaq istədim, sonra qərarlaşdırdım ki, alındıra bilmirəm. Müraciət etdim şirkətə. Mənə dedilər ki, maşının zəmanətində heç bir problem olası deyil. Yəni onlar dediyi kimi də oldu. Maşın gəldi, özüm baxdım, heç bir narazılığım yoxdur. Apardım başqa servisdə tanış ustalarıma öz maşınımı yoxlatdırdım. Heç bir problem çıxmadı. Sifariş edəndə gözlədim, hardasa 90 gün. 70 günə, uzağı 90 günə, yəni 3 ay müddətinə gəlir. Bu müddətdə də maşın gəldi çıxdı. Heç bir problem də olmadı”.

Babək İsgəndərov- alıcı: “Koreyadan Gəncəyə şirkətlə maşın almışam. Zəmanət vermişdilər. Maşın gəldi sexə saldım. Heç bir problem olmadı. Dedikləri kimi poblemsiz oldu. İndi də istifadə etdiyim maşındır. Dedikləri kimi də çıxdı. Demişdilər ki, maşında zərbə, vuruq, heç nə yoxdur. Maşını servisə saldım, problemsiz çıxdı”.

Bəs xarici ölkələrdən gətirilən avtomobillər özünü doğrultmadığı halda nə etməli? Yəni sifariş edilən avtomobilin rəngi, konstruksiyası, detalları fərqli olarsa, alıcı pulunu geri  ala və ya yenisinin əldə edilməsinə nail ola bilərmi?

Pərviz Tahirsoy- vəkil: “Tutalım ki, Koreyadan, Avropadan maşın gətirirlər. Bununla bağlı şirkətlər var hansı ki, sosial şəbəkələrdə reklam edirlər. Əgər bunu vətəndaş özü hərracda udursa, bu, böyük bir riskdir. Əgər şirkətlərlə etmək istəyirlərsə, şirkətlə mütləq müqavilə bağlamaq lazımdır. Əgər müqavilədə göstərilən qaydada olmasa, təbii ki, artıq şirkət o pulu ödəməlidir, yəni müqaviləni pozmuş olur və yaxud deyək ki, ödəməsə, ən azından sizin məhkəmdəə müdafiə hüququnuz var. Siz gedib məhkəməyə müraciət edirsiniz ki, bizim aramızda müqavilə var və müqavilədə göstərilən keyfiyyətdə və standartda maşın gəlmiyib, bunun üçün də artıq hüququnu məhkəmədə qərar verilə bilər”.

Ümumilikdə fərdi qaydada xaricdən avtomobil sifariş etmək sığortalanmadan addım atmağa bərabərdir. Nəticəsinə cavabdehlik elə sifarişçinin üzərindədir. Odur ki, ekspertlər də tövsiyə edir ki, bu məsələdə təcrübəsi olan şirkətlərə və şəxslərə müraciət edilməlidir.

Pərvin Abbaszadə