Azərbaycanda Olimpiya idman növlərinin inkişaf etdirilməsi son illər qarşıya qoyulan prioritetlərdəndir. Amma qeyri-Olimpiya növləri də diqqətdən kənarda qalmır. Cüdo kölgəsində qalan və ölkəmizdə qədim ənənələri olan sambo idman növü də bu sıradadır. Göygöldə təlim-məşq toplanışında olan millinin məşqçisi sambonu ölkədə populyarlaşdırmaq, federasiyanın strategiyası və planları haqda əməkdaşlarımızın suallarını cavablandırıb.
Qeyri-Olimpiya idman növü olsa da, sambonun inkişaf etdirilməsi üçün federasiya tərəfindən müəyyən işlər planlaşdırılır. İlk növbədə bu idmanı bölgələrdə populyarlaşdırmaq nəzərdə tutulur. Digər idman növləri ilə müqayisədə kütləviliyi daha az olan sambonu yenidən əvvəlki vəziyyətinə qaytarmaq üçün həm də təbliğat işi aparılacaq.
Yaqub Abdullayev- yeniyetmələrdən ibarət millinin baş məşqçisi: “Qarşıda duran strategiyamız 5-10 il biz qabağı görürük, birinci növbədə, regionlarda sambo idman növünün geniş təbliğ olumasıdır. Əgər idmançılar yalnız Bakı, Sumqayıt, Gəncə yox, nə qədər ki regionlarda idman idarələri var, orada sambo təmsil olunsun. Sambo üzrə idman klublarının açılması, kütləviyin artırılması, regionlardan respublika yarışlarına daha çox idmançıların gəlməsi, eyni zamanda bölgələrdə Azərbaycan birinciliklərinin keçirilməsi və orada da valideynlərin uşaqları samboya gətirməsi kimi böyük bir strategiyadan ibarədir”.
Komandanın yarışlara hazırlığını yüksək səviyyəyə çatdırmaq üçün də son illər yığmanın Göygöldə təlim-məşq toplanışları təşkil edilir. Bu dəfə hazırlıqda yeniyetmə, gənc və böyüklərdən ibarət millilər birgə məşq keçirlər və hazırlıqda 30-a yaxın samboçu iştirak edir. İdmançılar gələn ay Serbiyada keçiriləcək Avropa çempionatında qüvvələrini sınayacaqlar.
Adil Adilzadə- böyüklərdən ibarət milli komandanın üzvü: “Bu məşqlərin əsas planı qarşıda mötəbər yarış var, ilin əsas yarışlarından biri oraya hazırlaşırıq - Avropa çempionatına. Yeniyetmələrdə 8, gənclərdə 7, kişilərdə 7 idmançı çıxış edəcək. İnşallah, bu məşqlərlə ən yüksək nəticəni Azərbaycan komandası göstərəcək. Buna inanırıq”.
İsmayıl Pənahov- yeniyetmələrdən ibarət milli komandanın üzvü: “Bu təlim-məşq toplanışları çox önəmlidir. Böyüklərlə məşq edib, təcrübə qazanıram. Gələn ay Sebiyada keçiriləcək Avropa birinciliyinə hazırlaşırıq. 53 kq çəkidə iştirak edib ən yaxşı nəticə əldə etməyə çalışacam”.
2 həftə davam edəcək yığmanın təlim-məşq toplanışına aprelin 28-də yekun vurulacaq.
Orxan Cəfərzadə
- Baxış: 356