Bu il ölkə üzrə 105 minə yaxın 11-ci sinif şagirdi buraxılış imtahanı verib. Onlardan 53 nəfər 300 bal tolamaqla maksimum nəticəyə imza atıblar. Bu qədər şagirdin yüksək bal toplaması yeni imtahan modeli ilə yaxından tanış olmalarının göstəricisidir. Qarşıda hələ imtahanların ikinci cəhdinin olduğunu nəzərə alsaq, bu göstəricinin bir qədər yüksələcəyi istisna deyil. Lakin builki buraxılış imtahanlarında 53 nəfərin maksimum nəticə göstərməsi ölkə üzrə ilk olsa da qəbul imtahanları ilə bağlı söz-söhbətə səbəb olub. Belə ki, tələbə olmaq istəyənlərin universitetlərə qəbul ballarının yüksək olacağı deyilir.
Rəvan Hüseynov- şagird: “Bal olaraq hamı çox yazıb. Biz də istiyərdik ki, ballar aşağı qalsın ki, hamı qəbul ola bilsin”.
Mehdi Əhmədov- şagird: “Keçid balları qalxa bilər. Amma istəməzdim qalxsın. Çünki yaxşı nəticələrimiz çoxdur. Bu, çox ürəkaçan haldır. Amma ki, rəqabəti artırır”.
Kamran Əsədov- təhsil üzrə ekspert: “2023-cü ildə qəbul plan yeri 55 mindən yuxarı, təxminən 55 min 800 idi. Bu il isə 65 min olacaqdır. Bu isə o deməkdir ki, ali təhsil müəssisələrinə qəbul plan yerlərinin artması keçid ballarına öz təsirini göstərəcəkdir. Tarixi torpağımız olan Xankəndidə bu il Qarabağ Universiteti fəaliyyətə başlayacaqdır. Qarabağ Universitetinin qəbul planı 1000 olacaqdır. Hər biri ödənişsiz təhsil olacaq. Həmçinin Azərbaycanda Türkiyə-Azərbaycan Universiteti də fəaliyyətə başlıyacaqdır. Bir sıra ali təhsil müəssisələrində yeni ixtisaslar üzrə qəbul həyata keçiriləcəkdir. Qəbul plan yerlərinin artması, birmənalı şəkildə keçid ballarının artmasına mane olacaqdır”.
Elnur Rzayev
- Baxış: 95