Rusiya sülhməramlılarının Azərbaycandan vaxtından əvvəl çıxarılması prosesi davam edir. Hər iki ölkənin ali rəhbərliyinin birgə razılaşdırılmış qərarı nəticəsində-qarşılıqlı hörmət, normal münasibətlər əsasında Qarabağı tərk edirlər. Bu da onsuz da yaxşı olan Bakı və Moskvanın əlaqələrinin daha da inkişaf etdiyinin nümunəsidir.
44 günlük müharibə, ardınca ötən ilin sentyabrında aparılan antiterror tədbirlərindən sonra bölgədə vəziyyət tamamilə dəyişib. Rusiya sülhməramlı kontingentinin Qarabağda qalması zərurəti aradan qalxıb. Hazırda sülhməramlıların ərazidən çıxarılması Rusiya və Azərbaycan arasındakı razılaşmalara uyğun olaraq həyata keçirilir. Artıq kontingent öz öhdəliklərini tam yerinə yetirib. Nəticə etibarilə, 2 ölkə ali rəhbərliyinin qərarı ilə sülhməramlıların vaxtından əvvəl çıxarılmasına dair qərar verilib. Qalma müddəti 5 il olan, yəni 2025-ci ildə bitməli olan sülhməramlılar mülki ermənilərin bir hissəsinin Qarabağa qayıtmasına şərait yaratmaq üçün ərazidə qalmağa davam edirdilər.
Elçin Mirzəbəyli- siyasi şərhçi: “Rusiya sülhməramlıları ölkə ərazisində 10 noyabr 2020-ci il bəyanatının prinsiplərinə əsasən yerləşdirilmişdi. Bu zaman kəsiyində onlar regionda səlahiyyətlərinə daxil olan ərazidə faktiki olaraq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə məşğul olmalı idilər. Koordinasiyalı şəkildə fəaliyyətin həyata keçirilməsi nəticəsində də həmin ərazilərdə təhlükəsizlik tədbirlərinin gerçəkləşməsinə də digər qüvvələr tərəfindən ehtiyac yoxdur və Azərbaycanın müvafiq dövlət qurumları artıq həmin ərazilərdə fəaliyyətini davam etdirirlər”.
Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl gedişi həm də Azərbaycan dövlətinin ali iradəsidir. 10 noyabr üçtərəfli bəyanatına Ermənistandan fərqli olaraq Azərbaycan və Rusiya sadiq qalıb. Rusiya hərbi kontingentinin vaxtından əvvəl Qarabağdan çıxarılması ölkə başçısının düşünülmüş siyasətinin məntiqi davamıdır. Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”, sözləri bunun əyani sübutudur. Siyasi şərhçilər bildirirlər ki, sülhməramlıların çıxarılması rəsmi Bakı ilə Moskva arasındakı münasibətlərin daha da gücləndiyini göstərir.
Taleh Əliyev- siyasi şərhçi: “2022-ci ilin 22 fevral tarixində Azərbaycanla Rusiya arasında imzalanmış 2 tərəfli müqaviləyə əsasən, dövlətlərin bir-biri ilə münasibətlərini inkişaf etdirməsi, həm iqtisadi, həm siyasi, həm iqtisadi qarşılıqlı əməkdaşlıq olması Rusiya-Azərbaycan arasında dövlətlərarası münasibətləri həm də bir inkişaf dinamikası ilə əlaqələndirmək lazımdır. Belə bir addım atmaqla Rusiya həm Azərbaycan-Rusiya münasibətlərində özünün qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu göstərir, həm də Qarabağda olan sülhməramlı qüvvədən təyinatı üzrə daha səmərəli istifadə etmək kimi düşündüyü qənaətindəyəm”.
10 noyabr üçtərəfli bəyanatına görə, Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiyanın 1960 odlu silahlı hərbi qulluqçusu, 90 zirehli texnika, 380 avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib. Onların vəzifəsi baş verə biləcək qarşıdurmanın qarşısını almaq olub. Artıq hansısa təxribat və etnik qarşıdurmanın başvermə ehtimalı tam aradan qalxdığından sülhməramlılar öz vətənlərinə dönürlər. Çünki Azərbaycan bütün ərazilərində suveren hüquqlarını bərpa edib və heç bir separatizm təhlükəsi yoxdur. Sülhməramlıların vaxtından əvvəl çıxarılması qərarı xarici və daxildə olan bəzi dairələrin səsləndirdiyi dırnaqarası proqnozların əsassız olduğunu bir daha sübut edir.
Vüsalə Cənnətova
- Baxış: 136