Hamımız sosial şəbəkələrdə vətəndaşların etibarından sui-istifadə edərək pullarını mənimsəmə hallarının şahidi oluruq. Bu dəfə dələduzların hədəfi şagirdlər, daha doğrusu qəbul imtahanı verən abituriyentlər, eləcə də artıq ali məktəbə daxil olan tələbələrdir. Fırıldaqçılığın hansı formada reallaşmasına cəhddən əməkdaşımız Pərvin Abbaszadə məlumat verəcək.
Son zamanlarda sosial şəbəkələrdə "kəsirləri düzəldirəm", "imtahan nəticələrinə müdaxilə edərək balları yüksəldirəm" kimi yalan vəd verən dələduzların sayı artıb. İmtahan ərəfəsi olduğu bu vaxtda abituriyentlərlə yanaşı valideynlər də bu dələduzluğun şahidi olurlar.
Aysu Axundova- abituriyent: “Sosial şəbəkələrdə belə şeylərə tez-tez rast gəlirik. Mən düşünürəm ki, öz həmyaşıdlarımın içində abituriyentlər, tələbələr də daxil olmaqla bizim zəif nöqtəmiz sayılır, idradə cəhətdən, psixoloji cəhətdən. Çünki biz balımızın müəyyən qədər artırılmasına, tələbələrin kəsrlərinin silinməsinə daha çox diqqət yetiririk. Ona görə belə şeylərə aldanmalar rast gəlinə bilər. Mən düşünürəm ki, belə şeylərdə bütün abituriyentlər, tələbələr məlumatlı olsa, belə dələduzluqlara aldanmazlar”.
Aysu Mustafayeva- tələbə: “Mən də abituriyent olmuşam. Yəni bunların hamısını yaşamışam. Belə şeylərə inanmaq lazım deyil. Yəni əgər pul verib kəsr düzəltmək, ya da balları qaldırmaq mümkün olsaydı, onda uşaqlar niyə hazırlaşsınlar? Hamı pul verərdi, universitetə qəbul olardı. Bu məlumatlar boş məlumatdır, inanmaq lazım deyil”.
Gülmira Cavadzadə- tələbə: “Mən də internetdə belə xəbərlərlə tez-tez rastlaşıram. Mənim tələbə yoldaşlarımın, mənim də kəsrlərimiz ola bilər. Məncə belə məlumatların yayılması heç də düzgün deyil və yayılmamalıdır. Düşünürəm ki, buna inananlar da var. Dələduzluqla yanaşı universitetə girmişiksə, yəni müəyyən bir bal yığmışıq. Buna inanmaq mənim gözümdə həqiqətən də cahillikdir. Belə bir şey təbii ki, yalandır. Çünki bu, dövlətin təşkil etdiyi bir imtahandır və buna kənardan heç bir kəs müdaxilə edə bilməz”.
Məsələnin aydınlaşdırılması üçün sözügedən dələduzlarla da əlaqəyə keçdik. Məlum oldu ki, vətəndaşlara çox böyük vədlər verən bu fırıldaqçıların istəkləri asan yolla pul qazanmaqdır.
“Bizdə xidmətlər də çoxdur. İstər universitetə keçiriləcək imtahanlarda alınan az balın yüksəldilməsi, balın qaldırılması və ya stipendiya üçün artıq bal lazımdırsa onun artırılmasını təşkil edirik. Hər hansısa bir tələbənin bir kəsiri varsa da biz bu kəsirin sistemdən silinməsini təşkil edə bilirik. Təbii ki, bütün xidmətlər müəyyən bir pul müqabilindədir. Hər bir xidmətin məvacibi ayrı-ayrıdır”.
Ölkədə qəbul və buraxılış imtahanlarını təşkil edən Dövlət İmtahan Mərkəzinin sistemi dövlət tərəfindən qorunur. Bu səbəbdən kiberdələduzların həmin sistemlərə əlçatanlığı mümkünsüzdür. Yəni imtahan ballarına və ya universitetdə tələbənin aldığı kəsirlərə müdaxilədən söhbət gedə bilməz.
Nəsimi Məmmədov- DİM-in Gəncə regional bölməsinin müdiri: “Abituriyentlər və şagirdlər üçün bütün nəticələr əldə olunduqda DİM- rəsmi internet səhifəsində onların hətta cavab kartlarının qrafik təsvirinə qədər orada yerləşdirilir. Yəni bu mərhələdə heç bir müdaxilə və ya hansısa bir balın artırılması ola bilməz. Yalnız bunu edən insanlar bir qrup dələduz insanlarıdır ki, hansı ki onlar abituriyentləri, tələbələri aldadır, onlara müəyyən bir məbləğ lazım olan insanlardır. Mənim abituriyentlərə, valideynlərə məsləhətim budur ki, belə hallarla qarşılaşdıqda dövlət güc strukturları var, bu orqanlara müraciət etmələri mütləqdir”.
Bəs bu vədlərin nə dərəcədə əsası var? Hər hansı kiber müdaxilə ilə balları artırmaq və ya universitetdə yaranan kəsirləri silmək mümkündürmü? Ekspertlərin sözlərinə görə belə vədlər verən sosial şəbəkə hesablarının saxta olduğu şübhəsizdir.
Kamran Əsədov- təhsil eksperti: “Onlayn platformada elektron xidmətlər göstərməklə nəticələri artıracam deyə vəd verən şəxslər heç bir halda bunu edə bilməzlər. Çünki bütün istər DİM-nin şəxsi platforması olsun, istər ali təhsil müəssisələrinin şəxsi elektron bazaları olsun, bunlar tam olaraq məxfidir və təhlükəsizliklə təmin oluna bilib. Abituriyentlər və ya bizim şagirdlərimiz, tələbələrimiz, onların valideynləri bu tipli şirnikləşdirici vədlərə inanmamalıdır və aldanmamalıdır. Onlar tam bilməlidirlər ki, birmənalı şəkildə bu vədlər verənlər onları aldadırlar. Heç bir halda imtahan nəticələrinə müdaxilə mümkün deyil və kənar müdaxilələrlə də nəyəsə nail olmaq mümkün deyil”.
Şübhəsiz ki, bu hallara şirnikən və analoji vəziyyətə düşərək aldanan şagirdlər və valideynlər var. Daxili İşlər Nazirliyi tərəfindən dələduzların qanunsuz əməllərinə inanmamaq və polisə məlumat vermək tövsiyə olunur.
Pərvin Abbaszade
- Baxış: 210