• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 10.04.2024 15:40

İftar süfrəsinin iştirakçılarına “Qurani-Kərim” hədiyyə edilib

KepezTV Player

On bir ayın sultanı, müqəddəs Ramazan ayı münasibəti ilə Gəncədə iftar süfrəsi açılıb. İftar süfrəsi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən şəhid ailələrinin üzvləri və müharibə veteranları üçün təşkil edilib. Qərb bölgəsi üzrə din xadimləri və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi mərasimdə ruzi-bərəkət, mərhəmət ayı sayılan Ramazanın həmrəylik ayı olduğuna diqqət çəkilib. Azərbaycanda və eləcə də Şeyx Nizami yurdunda açılan iftar süfrələrinin ölkəmizdə ənənəvi tolerantlığı nümayiş etdirdiyi vurğulanıb. Ramazan ayının dini və sosial mahiyyətindən danışılıb, bu ayın insanlar arasında bərabərlik tərənnümçüsü olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, bu il müqəddəs bayramı əlamətdar edən hal Ramazanın bütün suveren ölkə ərazisində qeyd edilməsinin yaşatdığı sevincdir. İftar süfrəsində Quran ayələri oxunub, şəhidlərimizə Allahdan rəhmət dilənib, dövlətimizə əmin-amanlıq arzulanıb. “İmamzadə ziyarətgah” məscidi dini icmasının dəstək olduğu iftar süfrəsinin iştirakçılarına müqəddəs “Qurani-Kərim” hədiyyə olunub.

Fərid Mehdiyev