Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Elza İbrahimovanın yaradıcılığına həsr edilən konsert keçirilib. Görkəmli bəstəkarın sevilən mahnıları səsləndirilib. “Bilməzdim”, “Gecələr bulaq başı”, “Qurban verərdim”, “Gəl barışaq”, “Sən yadıma düşəndə” və digər mahnıları alqışlarla qarşılanıb. Elza İbrahimova ömrünün 50 ildən çoxunu bəstəkarlıq sənətinə həsr edib. O, bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək musiqisevərlərin ürəyində özünə əbədi heykəl ucaldıb. Musiqi mədəniyyətimizdə geniş yayılmış mahnı janrı Elza İbrahimova yaradıcılığında yeni keyfiyyətlər qazanıb. Təsadüfi deyil ki, Azərbaycan estradasına tanqo ritmini gətirən ilk bəstəkarlardan biri Elza İbrahimova olub. Konsert proqramı bəstəkarın "Ey vətən" bəstəsi ilə yekunlaşıb.
Aişə Rzayeva
- Baxış: 221