Güləş üzrə milli komandalarımız Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat turniri üçün hazırlığın son mərhələsindədirlər. Yığmanın tərkibində toplanışda gəncəli güləşçi Turan Bayramov da yer alıb və o, yarışda lisenziya əldə etməyi qarşısına məqsəd qoyub.
Nizami yurdunun yetirməsi 74 kq çəkidə komandamızın əsas lisenziya ümidlərindəndir. Yeniyetmə və gənclər arasında əldə etdiyi nailiyyətlərlə özünü yaxşı tərəfdən göstərən Turan son iki ildir böyüklərdən ibarət millinin əsas üzvünə çevrilib. Ona göstərilən etimadı doğrultmaq üçün gənc pəhləvan paytaxtdakı Olimpiya Təsnifat turnirində lisenziyanı təmin edərək Paris-2024-ə hazırlaşmaq istəyir.
Turan Bayramov- milli komandanın üzvü: “Bizim ilk məşqlərimiz Quba Olimpiya Kompleksində başladı. Çox ciddi şəkildə hazırlaşdıq. Daha sonra isə Bakıda təlim-məşq toplanışlarımızı davam etdirdik. Bu yarışa şəxsən ciddi formada hazırlaşmışam. İstəyirəm ki, Azərbaycana bu lisenziynı gətirim, olimpiya oyunlarında Azərbaycanı layiqincə təmsil edim”.
Turan Bayramovun olimpiada təcrübəsi var. Güləşçi komanda yoldaşının zədələnməsi səbəbindən son anda Tokio Yay Olimpiya Oyunlarına yollanan heyətə daxil edilsə də, yarışı mükafatsız tamamlayıb. İdmançı bu dəfə özünün lisenziya qazanaraq olimpiadaya yollanmasını arzulayır. Sonrakı hədəf isə olimpiya çempionluğudur.
Turan Bayramov- milli komandanın üzvü: “Mən Tokio Yay Olimpiya Oyunlarında iştirak etmişəm. Düzdür, son ana qədər mənim gedəcəyim bilinmirdi. Son anda bəlli oldu. Bu isə mənə müəyyən səbəblərdən psixoloji təsir etdi. Həm də olimpiadada medal qazanmamağımı təcrübəsizliklə əlaqələndirmək olar. Artıq illər keçib, daha da təcrübəli bir Turan var. Paris Yay Oyunlarına artıq 3 ildir ciddi şəkildə hazırlaşıram. Bu olimpiadada çempion olmaq üçün əlimdən gələni etməyə hazıram. İstəyərdim ki, bu olimpiya oyunlarında çempion olum və həm yeniyetmələr, həm də böyüklər arasında olimpiya çempionu kimi tarixə düşüm”.
Avropa Olimpiya Təsnifat turniri 5-7 aprel tarixlərində Mİlli Gimnastika Arenasında keçiriləcək. Olimpiyadaya vəsiqə uğrunda ümumilikdə 297 güləşçinin mübarizə aparacağı bu yarış Paris-2024-ə gedən yolda əsas turnir hesab edilir. Hər çəkidə 2 güləşçi olimpiyadaya vəsiqə qazanacaq. Əgər idmançılar bu yarışda lisenziya əldə edə bilməsələr mayda son şans olaraq Türkiyədə təşkil ediləcək dünya olimpiya təsnifat turnirində lisenziya qazanmağa çalışacaqlar.
- Baxış: 318