Xocalıda insan qalıqları aşkar edilib. Martın 28-də şəhərin Qaladərəsi adlanan hissəsində yerləşən su anbarının yaxınlığında həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılan vəziyyətdə insana məxsus olması ehtimal edilən sümük fraqmentləri və qalıqların aşkar olunması barədə Xocalı rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluğun əməkdaşları hadisə yerinə ezam olunmaqla, Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi", Milli Elmlər Akademiyası, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Tapılan sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb. Ərazidə aşkarlanan insan qalıqlarının ən azı 3 nəfər şəxsə məxsus olması müəyyən edilib. Hazırda hadisə yerinin tam müayinə edilməsi istiqamətində işlər davam etdirilir. Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
- Baxış: 92