• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2331
— 26.03.2024 16:30

Bayramdan sonra atılan səməni

KepezTV Player

Keçmişdən bu günə baharda səməni cücərtmək adət halını alıb. Lakin bayramdan sonra xonçalarımızı bəzəyən səməninin saraldıqdan sonra hara gəldi atılması xoşagəlməz mənzərə yaradır. Bəs əslində bərəkət dediyimiz buğdadan ərsəyə gələn yaşıl cücərtini hara atmaq lazımdır?

Keçmişdən gələn adətə görə Novruzda cücərdilən səməni axar suya atılmalıdır. El arasında “səməni atdı” mərasimi kimi bilinən bu adət axırıncı çərşənbədən 13 gün sonra həyata keçirilir. İnanca görə səmənini suya atan şəxsin arzusu növbəti Novruz bayramına kimi həyata keçir.

Şəhər sakini: “Həmişə kimin nə dərdi-qəmi olursa deyir, “axar sular aparsın”. Bu adət-ənənələri biz də yerinə yetiririk. Şəxsən mən özüm hər il səmənimizi aparıram axar çaya. Arzularımı bildirirəm”.

Şəhər sakini: “Axar suya atırlar, deyilənə görə. Aydınlıq olsun deyə”.

Şəhər sakini: “Kimsə niyyət edir ki, nəsə olsun. Ona görə onu suya buraxırlar”.

Şəhər sakini: “Ümumiyyətlə mənim yadıma gəlir ki, biz səmənini heç vaxt atmamışıq. Bişirib yeyirdik. Günahdır səmənini atmaq”.

Şəhər sakinləri arasında bu adəti icra edənlər azlıq təşkil etsə də hələ də yerinə yetirənlərə rast gəlinir. Çoxları bundan xəbərsiz olduğundan bolluq və bərəkətin simvolu olan səmənini hara gəldi atırlar.

Salman İmanlı- folklorşünas: “Əsasən bunu gənc oğlanlar və qızlar edərdilər. Onlar səmənini axar suya atarkən niyyət edərdilər və növbəti ildə o niyyətlər yerinə yetəndə həmin o çay qırağına gül-çiçək, şiniyyatla gələr bunu insanlara verərdilər. Amma təəssüf ki, bu ənənə ölkənin şimal bölgəsində qalıb. Bizim bölgədə - qərb bölgəsində, o cümlədən cənub bölgəsində əsasən səmənini suya atmağın bir mənası da var ki, səməni taxıldan əmələ gəlir. O da çörək olduğu üçün, müqəddəs olduğu üçün natəmiz yerə atmırlar. Suya atırlar ki, təmiz olsun, pak olsun”.

Novruz qabağı səməni qoymaq adəti heç də boş-boşuna yaranmayıb. Qədimdə bir az buğda götürüb cücərdərlərmiş ki, görsünlər bu toxumluq yaxşıdır, ya pis. Elə o vaxtdan ta bu günə kimi baharda səməni cücərtmək bir adət halını alıb. Səməninin boy atmasını da izləmək insana xoş təsir bağışlayır. Səməni bolluq simvoludur, ona görə də onu hara gəldi atmaq olmaz.

Aişə Rzayeva