• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1790
— 12.03.2024 10:15

Maraqlıdır

Qədim türk mifologiyasında yelin funksiyası da məhz budur - həyatı formalaşdırmaq... Təbiət üçün bu, oyanan hava, insan üçün isə nəfəsdir. Deyilənə görə, yel əslində, sonuncu çərşənbə olmalı imiş. Biz bu gün çərşənbələrin sırasını pozmaqla varlığın fəlsəfəsini, mahiyyətini bir qanunauyğunluq kimi rədd edirik. Yel, özündən əvvəlki üç varlığın- su, torpaq və odun hərəkətverici qüvvəsidir, o, ən sonuncu gəlir və dirilişi tamamlayır.

Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi əslində onun özünün - küləyin - havanın təmizlənməsi, yenilənməsi kimi qəbul edilir.
Bu çərşənbəyədək sanki mürgüləyən külək oyanır, aləmi dolaşaraq suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən mehin də, küləyin də daxilində bir hərarət olur. Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır.
Atalar sözləri isə belədir ."Yelnən gələn, selnən gedər", "Yel apardığını qaytarmaz", "Yellə dost olan yellənə-yellənə qalar", "Yel bağlayanı el açar", "Külək kimi hərdən bir yana əsmə”, "Yel aparan yelinki, yerdə qalan mənimki", "Kələknən gələn, küləknən gedər", "Yel qayadan nə aparar".

Keçmişdə, yel çərşənbəsində “yüyət günü”nü mütləq keçirərdilər. Yüyət günü adəti son illərə qədər az da olsa bəzi kəndlərdə qalırdı. Bu gün insanın özü təmizlənməklə yanaşı, ev-eşiyini də səliqəyə salır, həyət-bacasını təmizləyir. Bu, iməcilikdən başqa, həm də bir ayin, inancdır.

Cıdır falı da unudulmuş bu adətlərdən biridir. Bunu oğlanlar icra edir. Kəndin cavanları cıdıra gedər, hansısa atı ürəyində nişanlayıb, niyyət tutardılar. Kimin işarələdiyi at birinci olardısa, o zaman həmin adamın niyyəti yeni ildə gerçəkləşə bilərdi. Burdakı at və cıdır isə qədim türkün düşüncə sistemindən qopmadır. Həm də yel kimi sürətli olan atın sahibini il ərzində bolluq, ruzi gözləyirdi. Hər halda, insanlar buna inanırdılar.

Folklorumuzun mahir bilicisi olan Xalq yazıçısı Mövlud Süleymanlı Yel çərşənbəsindən danışarkən, qeyd edir: “Yel çərşənbəsində deyərlər: “Yerə nəfəs endi. Bundan sonra “puçur yeli” əsməyə başlayacaq.  Bu Yer üzündə olan bitki aləminin nəfəs dərməyidir; nəfəsini dərib yenidən ayılmağı, suyun, havanın, torpağın odun, bir olmağından sonra ilk tərpəniş, hərəkət, ritmdir.  Üç çərşənbədən- su, torpaq, oddan sonra yerə enən nəfəsdir”.

Adına Yel çərşənbəsi deyilsə də, suyun, torpağın, odun bir-birinə qovuşmasından sonra bütün başlanğıclara -hər nə varsa bütün yaranmışlara hava lazım olur.

Lalə Sadıqova

 

ƏTRAFLI...