• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1053
— 08.03.2024 18:48

Sürüklənən bəşəriyyət qadınla yüksələcək!

KepezTV Player

Ülvilik, zəriflik və gözəllik... Bu ifadələr qadınlarımızı tərənnüm etmək üçün yaranıb. Axı xanımlar bəşəriyyətin bəzəyidir. Bu gün də elə onların günüdür. 8 Mart - Beynəlxalq Qadınlar Günü. İndi sizə təqdim edəcəyimiz xanım bu günün haqqını verir desək, yanılmarıq. Çünki 8 mart qadınların işləri, haqqları uğrunda apardığı mübarizənin günüdür. Elə süjetimizin qəhrəmanı da əlinin əməyi ilə, zəhməti ilə övladlarına xoş həyat bəxş etməyə çalışır. Həm də əsasən kişilərin işlədiyi bir sahədə çalışaraq.

Güleyşə Abbasova- sürücü: “Bundan əvvəl məktəbdə xadimə işləmişəm. Yoldaşım şəhid olduqdan sonra ordan çıxdım. Sonradan maşın aldım. Ondan sonra 1 ayın içində qərar verdim ki, taksi işi ilə məşğul olum. Mənim 4 övladım var. Onlara daha yaxşı baxmaq üçün bu işdən istifadə edirəm. Başlayanda uşaqlarım bir az narahat oldular ki, ana, sən taksidə necə işləyəcəksən? Alınacaq bir şey deyil. Onları qabağıma qoyub, hər şeyi başa saldım. Sonra özləri də gördülər ki, işləyirəm, evə qazanc gətirirəm”.

Güleyşə Abbasovanın həyat yoldaşı ikinci Qarabağ savaşında qanı ilə, canı ilə zəfər qazanıb ölməzliyə ucalan igidlərimizdəndir. Əlbəttə, dövlət tərəfindən şəhid ailələri daim nəzarətdə saxlanılır, maddi baxımdan yardımlar edilir. Amma bəzən həyat elə gətirir ki, qadın təkcə maddiyyat üçün çalışmır, həm də cəmiyyətdə özünü təsdiq etmək üçün "mən bacardım" düşüncəsini ortaya qoyur. Güleyşə xanım da öz zəhməti ilə çalışıb, övladlarına həm ana, həm atalıq edir. Onun çalışdığı sahədə qadınları nadir hallarda görürük. Çünki biz alışmışıq artıq, sürücü dedikdə, ağlımıza yalnız kişilər gəlir. Ancaq bu xanım həmin halqanı qırmağı bacarıb. Təbii ki, xanım sürücü olmağın çətinliklərini gözə alaraq. 

Güleyşə Abbasova- sürücü: “Bu işdə də çətinliklər var. Taksiyə qadın da minir, kişi də. Bəzən normal qarşılayırlar. Çox gözəl qarşılayırlar. Bəzən də... Bir dəfə başıma gələni danışım. Univermağın qabağında dayandığım vaxt sifariş gəldi. Bəy idi. Gördü ki, mən xanımam, neqativ qarşıladı. Razı olmadı mənimlə davam eləməyə”.

Elə bu məqamda "aslanın erkəyi, dişisi olmaz" ifadəsi lap yerinə düşür. Axı biz niyə xanımlarımızın hər sahədə öz hünərlərini göstərməyinə sevinməyək? Tarixən Azərbaycan qadını yeri gəldikdə at belində kişilərlə birgə mübarizə aparıb. Bu gün də bu zərif varlıqlar iqtisadi, siyasi, ictimai fəallıqlarını fərqli şəkildə nümayiş etdirirlər.

Güleyşə Abbasova- sürücü: “Mən də düşünürdüm ki, bacarmaram. Amma heç bir iş çətin deyil. Bizim xanımlarımız hər işi bacaran xanımlardır. Tövsiyə edərdim ki, hər işdə uğur qazanmağa çalışsınlar. Heç nədən çəkinməsinlər. Nəyi bacarırlar, o işi də görsünlər”.

Gününüz mübarək, yumruğu boyda ürəyinə dünya boyda dərdi gizlədib, gözləri daim gülən qadınlar! Gününüz mübarək, həm zərif, həm də ən güclü olmağı bacaran qadınlar! Daim sevinin, gülün, həm də ürəkdən... Hüseyn Cavidin dediyi kimi: “Qadın gülərsə, bu issız mühitimiz güləcək. Sürüklənən bəşəriyyət qadınla yüksələcək”.

Aişə Rzayeva