Ali və orta ixtisas təhsili müəssisələrinə elektron ərizələrin sənəd qəbulu başlayıb. Prosesdə abituriyentlərə kömək məqsədi ilə Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsində komissiya yaradılıb, məsləhət mərkəzi fəaliyyətə başlayıb.
Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsində yaradılan sənəd qəbulu komissiyası həftə içi iş günləri universitet və kolleclərə sənəd verən abituriyentlərə xidmət edir. Burada elektron ərizələrin qeydiyyatı həyata keçirilir. İmtahanların birinci mərhələsində sənədlərin təsdiqlənməsinin son günü 15 martdır.
Nəsimi Məmmədov- DİM-in Gəncə Regional Bölməsinin müdiri: “Məlumatları DİM-in rəsmi internet səhifələrində olmayan şəxslər isə öz sənədlərini təqdim edib DİM–in Gəncə Regional Bölməsində sənəd qəbulu komissiyasında sənədi təsdiq etdirə bilərlər. Dövlət İmtahan Mərkəzi tərəfindən ADAU-da məsləhət mərkəzi də yaradılıb. Hər bir abituriyent məsləhət mərkəzinə müraciət edib, ödənişsiz, özləri təsdiq olunma elektron ərizələrini həmin məsləhət mərkəzində təsdiq etdirə bilərlər”.
Gün ərzində Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsində yaradılan sənəd qəbulu komissiyasına təxminən 50-yə yaxın abituriyent müraciət edir.
Fidan Abbasova- abituriyent: “Mən beşinci qrupa, İncəsənət Universitetinə - pianinoda instrumental ifaçılığa iş vermək istəyirəm. Burada qeydiyyatdan keçmək çox asandır. Sənədləri təqdim edirik və rahat şəkildə də qeydiyyatdan keçirik”.
Yusif Quluzadə- abituriyent: “29 nömrəli tam orta məktəbdə oxuyuram. Beşinci və birinci qrupa sənəd verməyi fikirləşirəm. Tanışlarım dedi ki, bura gəlib, sənəd qəbulundan rahat keçə bilərik. Gəlmişik buradan keçək və imtahanımızı verək”.
Sevil Məmmədova- abituriyent: “Ali təhsil almaq istəyirəm. İnşallah, musiqi müəlliməliyi ixtisasında təhsil alacam. Sənədi də vermək asandır. Gəlirik, bütün işlərimizlə də bağlı kömək edirlər, sağ olsunlar”.
Aprelin 15-dən mayın 6-na kimi isə 1-4-cü qruplar üzrə sənəd verən abituriyentlər yenidən öz elekton ərizələrini ixtisas qrupları üzrə təsdiq etdirməlidirlər. Abituriyentlər imtahan vaxtından 4-5 gün əvvəl buraxılış vərəqələrini əldə edə biləcəklər.
Elnur Vahidoğlu
- Baxış: 321