• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 978
— 01.03.2024 19:54

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib

KepezTV Player

Bu gün Avrasiyadakı geosiyasi vəziyyət bizim görəcəyimiz işlərin vacibliyini göstərir. Bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib. Dövlət başçısı bir çox ölkənin qazla bağlı Azərbaycana müraciət etdiyini və bu istiqamətdə danışıqların aparıldığını vurğulayıb. Prezident COP-29-a ev sahibliyini qazandıqdan sonra Azərbaycana hücumların artdığına da diqqət çəkib.

Cənub Qaz Dəhlizi uğur hekayəsidir. Ölkə başçısının sözlərinə görə, artıq 3 ildir, işləyən dəhliz Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bunun, eyni zamanda, enerji təhlükəsizliyi, əməkdaşlıq layihəsi olduğunu vurğulayan dövlət başçısı bu marşrut üzərində yerləşən ölkələr arasında işbirliyi olmadan bu layihəni həyata keçirmək mümkün olmazdı deyə qeyd edib. Prezident bildirib ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və hər hansı digər təbii qaz layihələri elə icra olunmalıdır ki, əsas hədəfimizə zərər dəyməsin.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Çünki Avropa İttifaqında Azərbaycan qazına böyük tələbat var idi və indi də var. Bir çox ölkənin təbii qazla bağlı Azərbaycana müraciət etdiyini, onlardan altısının artıq təbii qaz aldığını, bir neçəsi ilə də danışıqların aparıldığını vurğulayan dövlət başçısı bildirib: “Qaza ehtiyac var. Bizim isə ehtiyatlarımız və infrastrukturumuz mövcuddur. Düşünürük ki, Avropa maliyyə təsisatları bu layihələrlə bağlı maliyyələşdirmə məsələsində real yanaşmalara əsaslanmalıdır. Onlar anti-ənənəvi enerji yanaşmalarının kölgəsində qalmalı deyil. Təbii ki, biz bunu görürük. Bizdə yaşıl keçid gedir. Lakin, eyni zamanda, heç kəs o faktı yaddan çıxarmalı deyil ki, ənənəvi enerji mənbələri olmadan dünya növbəti illər ərzində inkişaf edə bilməz”.

Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilən interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. Növbəti ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” yataqlarının dərinsulu hissəsində təbii qaz hasilatı başlayacaq.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Biz gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatını gözləyirik. Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” bizim neft ixracımızın əsas mənbəyidir. Hazırda kəşfiyyata başlanılması ilə bağlı tərəfdaşlarımızla razılığa gəlmişik və bu, əlavə töhfə olacaqdır. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dəfə artacaqdır”.

Dövlət başçısı Azərbaycanın COP29 Konfransına ev sahibliyi etməsinin önəmindən də danışıb. Bildirib ki, “İqlim dəyişikliyi ilə bağlı bu qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması, bizim iradəmizi nümayiş etdirir”.

İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Bizə buna görə hücum olunmamalıdır, biz təqdir edilməliyik. Biz heç bir yanlış iş görməmişik. Lakin qərar qəbul olunan kimi bizə qarşı dərhal əlaqələndirilmiş, konsolidasiya olunmuş və çox ədalətsiz hücum edildi. Əvvəlki illərdə Azərbaycana qarşı çoxlu hücumlar olmuşdur, biz buna adət etmişik, biz özümüzü müdafiə edə bilərik. Lakin mən sizə sadəcə məlumat vermək istəyirəm ki, COP29-un Azərbaycanda təşkil edilməsi barədə yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir”.

Dövlət başçısı onu da vurğulayıb ki, bu tədbirə ev sahibliyi etmək və bu işə töhfə vermək istəyi Azərbaycanın yaşıl gündəliyini nümayiş etdirir.

Vüsalə Cənnətova