• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1504
— 29.02.2024 20:19

Nəqliyyat sahəsində perspektivlər

KepezTV Player

Nəqliyyat sahəsinə ölkəmiz hər zaman xüsusi yanaşıb, ən əsas da torpaqlarımız işğaldan azad edildikdən sonra. Yol infrastrukturunun qurulması, yeni dəmiryollarının çəkilməsi, hava və su nəqliyyatı təsərrüfatının inkişafı üçün dövlət büdcəsindən hər il kifayət qədər vəsait ayrılır. Prezident İlham Əliyev də yeni dövrdə bu sahəyə diqqət çəkərək cari ildə həyata keçirilən layihələrin sürətli şəkildə davam edəcəyini ifadə edib.

2020-ci ildən öncəki dönəmdə ölkə üzrə müxtəlif şəhər və rayonlarda yol infrastrukturu təmir, bərpa və yenidən qurulurdusa, artıq son 3 ildir bu yöndə işlər genişlənib. Çünki işğaldan azad edilən ərazilərdə daha böyük işlər görülür. İstər avtomobil, istəh hava limanı, istərsə də dəmiryolunda müasir standartlar səviyyəsində tikinti işləri həyata keçirilir. Ən böyük layihələr sırasında Göygöl və Kəlbəcəri birləşdirən avtomobil yolu üzərində Murovdağ tuneli, Horadiz-Ağbənd-Zəngəzur dəhlizi avtomobil və dəmiryolu, həmçinin Füzuli- Şuşa avtomobil yolunu göstərmək olar. Füzuli, Zəngilan və Laçın aeroportlarını da qeyd etmək yerinə düşər. Əsarətdən xilas edilən ərazilərdə aparılan işlər beynəlxalq cəhətdən önəmli rola malikdir.

Arzu Nağıyev- millət vəkili: “Nəqliyyat infrastrukturlarının inkişafı ən prioritet istiqamətlərdən biridir. Əsas məsələ odur ki, bu, həm Qarabağın infrastrukturlarının yenidən işlənməsi və bərpa edilməsi, eyni zamanda tək Qarabağ deyil, Zəngəzur dəhlizinin açılması istiqamətində addımların atılması, yəni şaxələnmə istiqamətində çox mühüm addımların atılması nəzərdə tutulub. Eyni zamanda beynəlxalq daşımalarda son vaxtlar baş verən hadisələrlə bağlı orta dəhlizin inkişafı istiqamətində çox mühüm addımlar atmaq nəzərdə tutulur. Bunlar çox mühüm məsələlərdir və bu istiqamət daim cənab prezidentin nəzarətindədir və əsas prioritet istiqaməti kimi bizim daxili və xarici siyasətimizin meyarıdır”.

Hava nəqliyyatının gələcək perspektivləri üçün bu istiqamətdə də əməli addımlar atılır. Hazırda 2-si işğaldan azad olunan ərazilərdə olmaqla 8 hava limanımız var, birinin isə inşası davam edir. Dövlət siyasətində hava nəqliyyatının inkişaf etdirilməsi də qarşıya hədəf kimi qoyulub və hər il bu sahədə yeni işlər görülür.

Aydın Mirzəzadə- millət vəkili: “Azərbaycan hava nəqliyyatının inkişafına da böyük diqqət edir. İşğaldan azad edilən zonada Füzuli və Zəngilanda yeni aeroportlar açılmışdır. Laçın şəhərində yenisinin inşası davam etdirilir. Bütün bunlar hamısı Azərbaycanın geosiyasi imkanlardan istifadə edilmək üçün maksimum səy göstərdiyini sübut edir. Azərbaycan hava nəqliyyatının yenilənməsi üçün dövlət tərəfindən böyük dəstək var. Bu sahəyə diqqət həmişə olacaq. Azərbaycan bu sahədə ən yeni təcrübə və texnikadan istifadə etmək fikrindədir”.

Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşməsi gələcək üçün yaxşı perspektiv yaradır. Çünki indiki dövrdə Çindən Avropaya qədər olan nəqliyyat yollarının əksəriyyəti həm vaxt, həm də maddi cəhətdən sərfəli deyil. Buna görə də Zəngəzur dəhlizinin açılmasıyla ölkəmiz Şərqlə Qərb arasında logistik yük daşımalarının mərkəzinə çevriləcək.

Orxan Cəfərzadə