• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1505
— 28.02.2024 19:46

Əsarətdən xilas olan ərazilərin bərpası

KepezTV Player

3 ildən çoxdur, yəni Vətən müharibəsi bitən gündən qısa bir müddət sonra Azərbaycan dərhal əməli fəaliyyətə başlayaraq əsarətdən qurtulan torpaqlarımızın bərpasına başladı. Bu proses bu gün də dövlət siyasətinin əsasını təşkil edir. Ölkə başçısı da hər çıxışında işğaldan azad olunan torpaqlarımızın bərpası və yenidən qurulması işinə xüsusi yanaşdığını ifadə edir və demək olar ki, il ərzində tez-tez Qarabağ və Şərqi Zəngəzurda təməlqoymalarda, açılışlarda iştirak edir, doğma yurdlarına qayıdan insanlarla görüşlər keçirir.

Torpaqlarımız düşmən tapdağından azad edilən ilk gündən etibarən infrastruktur layihələrin icrası geniş vüsət alıb. Ərazilərin minalardan təmizlənməsi ilə paralel yollar çəkilir, körpülər salınır, yaşayış məntəqələri inşa edilir. Görülən işlər nəticəsində son 3 il ərzində Qarabağ və Şərqi Zəngəzura 5400-dən çox insan qaytarılıb. Bununla yanaşı təbii ehtiyatlarla bağlı da layihələr icra olunur ki, bu da iqtisadiyyatımız üçün önəmli rol oynayır.

Hikmət Babaoğlu- millət vəkili: “20 faiz ərazimizin geri qaytarılması elə iqtisadiyyatımızın, demoqrafiyamızın 20 faiz böyüməsidir. Su, dağ-mədən ehtiyatları kimi spesifik məsələlərə gəldikdə isə bunu, daha böyük rəqəmlərlə ifadə edə bilərik. Çünki nəticə etibarilə Azərbaycanın su ehtiyatlarının təqribən 35 faizi, bəlkə də bir az daha çox işğaldan azad edilən ərazilərdə formalaşır”.

Azad olunan ərazilər kənd təsərrüfatı baxımından da ölkə üçün önəmli yerə malikdir. Bu istiqamətdə həmin ərazilərə yatırılan sərmayələrin yaxın gələcəkdə bəhrəsini verəcəyi şübhəsizdir.

Hikmət Babaoğlu- millət vəkili: “Qarabağ ərazisi dağlıq və aran olmaq üzrə aran ərazisi tarixən Azərbaycanın buğda anbarı hesab olunub, dağlıq ərazilər isə heyvandarlığın inkişafı üçün mühüm rol oynayıb. Yaylaqlarımızın 80 faizi məhz 30 ildən çox işğal altında qalan torpaqlarımızda idi. Bu da ərzaq təhlükəsizliyi, sağlam qida ilə əhalimizin təmin olunması, gənc nəslin orqanik məhsullarla qidalanması üçün mühüm vasitədir. Ona görə də önümüzdəki illərdə bu gün qoyulan vəsait Azərbaycana dəfələrlə çox yüksək dividentlər gətirəcək”.

Təbii ki, insanların qayıdışı üçün bütün infrastrukturların yenidən qurulması yerinə yetirildiyi kimi maddi-mədəniyyət nümunələrinin də bərpası diqqətdə saxlanılır. Bu baxımdan vandallığa məruz qalan müxtəlif təyinatlı abidələr yenidən əvvəlki vəziyyətinə qaytarılır.

Tural Gəncəliyev- millət vəkili: “Dağıdılmış irsimiz, mədəni, dini, tarixi abidələrimizin də bərpasını zəruri edir. Təbii ki, dövlətimizin siyasətində də həmin bu abidələrin bərpası, insanların ləyaqətli şəkildə geri dönməsi kontekstindən yanaşılır. Burada torpaqlarımızın hərtərəfli bərpasından söhbət gedir - dini, tarixi abidələrin bərpası. Çünki bu bərpa, yenidənqurma qan tarixi yaddaşımızın bərpası deməkdir. Məsələn, cənab prezidentin Xocalı sakinləri ilə Xocalı şəhərində görüşündə biz nəyin şahid olduq? Xocalı soyqırımına həsr edilmiş Memorial Abidə Kompleksinin bünövrəsini qoydu. Bu çox gözəl bir mesaj idi ki, biz torpaqlarımızı necə bərpa edirik, hansı prioritetlərimiz var”.

Həyata keçirilən böyük qayıdış proqramı cari il də ara vermədən davam etdiriləcək. Həm də Vətən müharibəsində əsarətdən xilas olan məkanlarla yanaşı, ötən ilin sentyabrında anti-terror tədbirləri zamanı azad olunan Kərkicahan və Xocalıya da 2024-cü ildə ilk köç reallaşacaq. Bu proqramın birinci mərhələsi 2026-cı ilin sonunda başa çatacaq və həmin vaxt 140 min köçkünün öz dədə-baba torpaqlarına qayıdacağı planlaşdırılır.

Orxan Cəfərzadə