• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1752
— 27.02.2024 19:32

Qanla yuyulan Xocalı şaddır bu gün

KepezTV Player

Xocalı. Bu ad şəhər, toponim adından çox faciə, soyqırım kəlmələri ilə assosiasiya edir son 32 ildir. Toplumun məhv edilməsi, yaşayış yerinin yer üzündən silinməsi kimi xatırlanır. Ancaq bu il fərqli ab-havada anılırdı 26 fevral günü. Xocalıda, xocalılarla. 

Əsrin qətliamı yaşanandan sonra ilk dəfə idi soyqırımı qurbanlarının xatirəsi elə hadisənin episentrində anılırdı. 32 ildən sonra yenidən doğma yurda qayıtmışdı Xocalı sakinləri. Ölkənin 4 bir yanından bir vaxtlar ölüm ya qalım qorxusu ilə çıxdıqları şəhərə, indi qürurla, zəfərlə geri dönmüşdülər. Gəncədə yaşayan və Kukla Teatrının baş rejissoru olan Şamil Məmmədli də heç zaman görmədiyi Xocalısında idi. 30 yaşlı Vətən müharibəsinin iştirakçısı yalnız xəyallarında canlandırıb Xocalını, o da eşitdiklərini. Prezident mükafatçısı olan Şamil Məmmədli Xocalıda, elə Ali baş komandanla görüşündən danışır, ağız dolusu ilə. 

Şamil Məmmədli- Xocalı sakini: “İnsan həqiqətən hiss edir ki, bura mənim ata-baba yurdumdur. Bura mənim doğma vətənimdir. Ölkənin Ali baş komandanı- prezidenti ilə bir yerdə olmaq həm böyük məsuliyyət, həm də böyük həyəcandır. İnsana gözəl duyğulardır. Bizlə çox səmimi, hər birimizlə söhbət elədi, hər birimizə diqqət ayırdı. Bu da bizi çox sevindirdi. Artıq tədbir başlayandan bir müddət sonra hər birimiz çox rahat hiss elədik ki, həqiqətən cənab prezident hər bir vətəndaşın prezidentidir”.

Xocalıda prezident İlham Əliyevlə görüşənlər arasında Qalib Quliyev də olub. "Xocalının səsi" qəzetinin redaktoru olan Qalib Quliyev üçün 26 fevral tarixi yaddaşlarda silinməz izlər buraxıb.

Qalib Quliyev- Xocalı sakini: “Qəlbimdə Xocalının ağrısı var idi. Dağlara baxıb mənəvi ağrılar keçirirdim. Böyük qürur və fərəh hissi keçirirdim. Cənab prezidentlə görüşümüz böyük sevincə səbəb oldu. Cənab prezidentimiz hər birimizlə yaxından maraqlandı. Xocalıda görülən quruculuq işləri ilə tanış olduq. Oradan da Xankəndimizə getdik. Orada xatirə şəkilləri çəkdirdik”.

Günahsız insanların qanı axıdılan torpaqlar bu gün sözün əl mənasında dirçəlir, sevinir. Narahat ruhlar da dinclik tapıb artıq. Hər daşında, dərəsində 32 ilin miskini olsa da, Xocalı sakinlərini ali sərkərdəsi ilə qarşıladı, özü də əbədi. 

Elnur Vahidoğlu