Gənc MMA döyüşçüsü
Sağlamlığın qeydinə qalmaq vasitələrinin ən önəmlisi idmanla müntəzəm məşğul olmaqdır. İdman insanın həm bədən quruluşuna, həm də fiziki və mənəvi sağlamlığına müsbət təsir göstərir. Bu dəfə sizə idman növlərinin bir qolu olan qarışıq döyüş sənətində uğur qazanmış Bəxtiyarı tanış edəcəm.
Bəxtiyar Məcidov– MMA döyüşçüsü: “7 ildir MMA idman növü ilə məşğulam. Və bu idmanda bir çox nailiyyətlərim var. Dünya çempionatı, respublika çempionatı. Dəfələrlə beynəlxalq turnirlərin qalibi olmuşam. Və peşəkar kəmərlərim var”.
Hazırda yeniyetmə və gənclərin daha çox maraqlandığı idman növlərindən biri də qaydasız döyüşdür. Məlumat üçün deyim ki, bu idman növü "qarışıq üsullarla döyüş”ün ən sərbəst növü kimi xarakterizə edilir. Qaydasız döyüşün xüsusiyyəti haqda bunu demək olar ki, burada bir neçə müxtəlif əlbəyaxa döyüş növlərinin fəndlərindən istifadə etməyə icazə verilir. Adının "qaydasız” olduğuna baxmayaraq, burada da məhdudiyyətlər var, lakin qaydalar minimuma endirilib. Gəlin daha ətraflı bəxtiyarın özündən eşidək.
Məcidov Bəxtiyar – MMA döyüşçüsü: “Mixed martial arts deməkdir hərfi açıqlaması. Yəni, bütün texnikaları özündə birləşdirən idman növüdür. 1888 ildə qədim Yunanıstanda yaranıb”.
"Əsas psixoloji amil əslində, bu idmanın daxilində heç bir qaydanın olmamağıdır. Təbii ki, bəlli bir qaydası var, amma böyük ölçüdə deyil. Məhz bu qaydasızlıq amili psixoloji olaraq bu idmana maraq oyadıb. Maraqlıdır, bəs Bəxtiyarın bu idman sahəsinə marağı necə başlayıb.
Məcidov Bəxtiyar – MMA döyüşçüsü: “Uşaq vaxtından bu idman növünə həvəsim var idi. Axtardım, araşdırdım özümə uyğun olan idman növünün bu olduğunu anladım. Və Əjdər müəllimin sahəsində bu yerlərə gəlib çatdım. Və ailəmin dəstəyi ilədə davam etdim”.
İnsanın hansı yaşda və xarakterinə uyğun olan idman növünün seçilməsi isə onun gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır. Artıq 7 ildir Bəxtiyarın bu idman növü ilə məşğul olmasının nəticəsi əlbəttə ki, qazandığı uğurlar və nailiyyətləridir.
Məcidov Bəxtiyar – MMA döyüşçüsü: “Ən böyük uğurum dünya çempionu olmaqdır. Sonra respublika birincisiyəm. Daha sonra respublika ikincisi olmuşam, respublika 3 üçüncüsü olmuşam. Və qızıl döyüşçülər festivalının qalibi olmuşam. Dəfələrlə beynəlxalq turnirlərin çempionu olmuşam. Və peşəkar kəmərim var. Daha sonra iranın döyüşçüsü ilə döyüşərək 1-ci yerə layiq görülmüşəm”.
Bu idman növündə ustalaşmaq yolunda olan gəncimizə biz də “Gəncəm” komandası adından uğurlar arzu edirik. İstedadlı gəncimizin gələcək xəyalları da böyükdür. Gəlin görək, Bəxtiyarın gələcək üçün planları nədən ibarətdir?
Məcidov Bəxtiyar –MMA döyüşçüsü: “Özümü gələcəkdə daha böyük arenalarda, dünya, Avropa çempionatlarında görürəm. Ümid edirəm ki, bayrağımızı digər ölkələrdə dalğalandıraram”.
Yəqin ki, idmanın yaşı bəşərin yaşı qədərdir. Bəşər inkişaf etdikcə, idman da onunla bərabər boy atıb böyümüşdür. Dünyanın hər yerində, yaşından asılı olmayaraq, hamı idmanı və idman yarışlarını sevir. İdman təkcə fiziki cəhətcə insanların güclənməsinə və inkişaf etməsinə səbəb olmur, həmçinin onları gündəlik həyatda daha hazırlıqlı və mütəşəkkil edir. Son olaraq bu sahədə yetəri qədər uğur qazanmış gəncimiz gəlin görək gənclərə nə məsləhət gördü.
Məcidov Bəxtiyar –MMA döyüşçüsü: “Gənclərə bu haqda deyə bilərəm ki, idman ilə məşğul olsunlar, sağlam həyat tərzi sürsünlər. Ən azından özünü müdafiəni öyrənmək lazımdır. Belə deyim ki, hər kəs gələcəyin bir əsgəridir. Yəni, idmanla məşğul olmağı buraxmasınlar”.
Ülvi Cəfərov
- Baxış: 2554