Türkiyə Xarici İşlər Nazirliyi Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. “1992-ci ildə Ermənistan tərəfindən Xocalı şəhərində məsum mülki şəxslərə qarşı gerçəkləşdirilən qətliamı lənətləyirik. O gün yaşanan vəhşət insanlıq tarixinə qara bir ləkə olaraq keçib”, - deyə paylaşımda bildirilib.
"Xocalı faciəsində həyatını itirənlərin xatirəsini ehtiramla yad edir, qardaş Azərbaycan xalqına və hökumətinə davamlı dəstəyimizi bir daha vurğulayırıq. Bu cümlə isə Türk Dövlətləri Təşkilatının paylaşımda yer alıb.
TÜRKSOY-dan da “Xocalı soyqırımı şəhidlərimizi sayğı və rəhmətlə anırıq”, - deyə bildirilib.
Böyük Britaniya səfiri də Xocalı faciəsi ilə bağlı paylaşım edib. Fergus Auld soyqırımı abidəsini ziyarətlə bağlı paylaşımında "Bu gün Xocalı faciəsinin qurbanlarını bütün azərbaycanlılarla birgə yad edirəm. Allah rəhmət eləsin!" - deyə bildirib.
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi də Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı Azərbaycan xalqına başsağlığı verib. “Bu gün Azərbaycan xalqının kədərini paylaşaraq, 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik. Regionda sülh naminə çalışmaq və bu kimi faciələrin bir daha təkrarlanmamasını təmin etmək bizim borcumuzdur”, - deyə səfir bildirib.
- Baxış: 93