Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı Moskvada saxlanılıb. Bu barədə o, özü sosial şəbəkə hesabında videogörüntü yayıb. K.Zeynallı Moskvanın Domodedovo hava limanında Bakıya qayıdarkən polis tərəfindən saxlanıldığını və şöbəyə aparıldığını söyləyib. Bildirib ki, polislər ona Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini, bu gün məhkəməyə çıxarılacağını söyləyib.
XİN Kamil Zeynallının Rusiyada saxlanılması məsələsini nəzarətə götürüb
Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir.
Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu “Caliber”ə açıqlamasında bildirib ki, Kamil Zeynallı Ermənistanın tələbi ilə saxlanılıb. Ermənistan tərəfi onu Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham edir. "Zeynallının Ermənistanın sorğusu əsasında saxlanılması o demək deyil ki, onu təyyarəyə əyləşdirəcəklər və dərhal İrəvana göndərəcəklər. İndi biz məhkəmənin qərarını gözləyirik, o, erməni tərəfinin tələbinin nə dərəcədə əsaslı olduğunu araşdıracaq” - deyə səfir əlavə edib.
- Baxış: 144