• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1026
— 19.02.2024 20:16

Zorakılıqdan zərər çəkən qadınların məşğulluğu təmin olunur

KepezTV Player

Avropa İttifaqının maliyyə dəstəyilə BMT-nin İnkişaf Proqramı çərçivəsində “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi icra olunur. Layihə tərəfindən ötən ilin noyabr ayından etibarən “Zorakılığa məruz qalmış region qadınlarının dərzilik və sosial sahibkarlıq bacarıqlarının artırılması” təşəbbüsü ilə iki aylıq dərzilik kursu təşkil edilib. Həssas vəziyyətdə olan qadınlar bu peşənin sirlərini öyrəniblər və Samuxda əl işlərini sərgiləyiblər. 

Sərgidə gender əsaslı zorakılıqdan zərər çəkmiş işsiz və kurslara cəlb edilmiş xanımların hazırladığı tekstil məhsulları nümayiş olunub. Məqsəd, onların istehsal etdiyi məhsulların satışını təşkil etməklə, qadınların işsizlik problemini dayanıqlı şəkildə həll etməyə dəstək olmaqdır.

Südabə Məmmədova- sığınacağın sədri: “Hal-hazırda sığınacaqda olan və ümumiyyətlə zorakılığa məruz qalan qadınların reabilitasiyası çərçivəsində onların məşğulluğunu təmin etmək, gələcəkdə öz iqtisadi asılılığını, övgüvənliliyini artırmaq üçün pulsuz dərzi kursları fəaliyyət göstərir ki, bu kurslarda peşəkar müəllimlər tərəfindən dərzilik öyrədilir. Bizim Təhsil Nazirliyi ilə müqaviləmiz var. Bizim peşə məktəbində dərslərimiz keçirilir”.

Təlimlər və mentorluq sessiyaları qadınların səlahiyyətlədirilməsinə, sosial bacarıqlarının inkişafına və cəmiyyətə inteqrasiyalarına imkan yaradacaq. Həmçinin qurulmuş yeni sosial biznes qadınlara peşə və stabil gəlir imkanı yaradaraq, onların övladlarının və ailə üzvlərinin həyat keyfiyyətinin yaxşılaşmasına səbəb olacaq.

Gülüzar Tağıyeva- dərzi-müəllimə: “Burdan alınan hər bir məhsul sığınacaqda yaşayan qadınların uşaqlarının gələcəyinin dəyişməsinə addım kimi olur. Dərslərimiz peşə təhsili müəssisəsində keçirilir. 2-3 ay ərzində qabiliyyətlərini, özlərini inkişaf etdirmiş formada olurlar. Və başlayırlar çalışmağa. İşlədikcə də özgüvənləri artır, cəmiyyətə adaptasiya olurlar. Bununla da həm maddi problemləri həll edilər, həm də mənəvi olaraq depressiyadan çıxmış olurlar”.

Qeyd edək ki, Gəncədə fəaliyyət göstərən “Təmas” Regional İnkişaf İctimai Birliyi 2008-ci ildən yaradılıb. 2013-cü ildən etibarən isə onun nəzdində qadınlar üçün sığınacaq fəaliyyət göstərir. Orada qadınlara ödənişsiz olaraq yardımlar göstərilir.

Südabə Məmmədova- sığınacağın sədri: “Bizim sığınacaq Azərbaycanın regionunda faəliyyət göstərən yeganə sığınacaqdır. Çünki bildiyiniz kimi sığınacaqlar Bakıda faəliyyət göstərir. Bizim sığınacağımız 25 nəfərlik yerdən ibarətdir. Qeyd edim ki, ora qadınlar uşaqları ilə birgə qəbul olunur və sığınacağımızda zorakılığa məruz qalan insanlar üçün hüquqi, psixoloji, tibbi yardımlar göstərilir. Və lazımi orqanlara istiqamətləndirilir”.

Sığınacaqda il ərzində 1000-ə yaxın qadına yardım göstərilir.

Aişə Rzayeva