Bu gün Qaradağlı faciəsindən 32 il ötür. 1988-ci ildə erməni separatçılarının baş qaldırdığı vaxt Xocavənd rayonunun Qaradağlı kəndinin də faciəli günləri başlayıb. Kəndin sakinləri böyüyüb boya-başa çatdıqları doğma yurdun hər qarışı, hər daşı uğrunda mübarizəyə qalxıb, onlarla kənd sakini ermənilərə qarşı qeyri-bərabər döyüşlərdə şəhid olub.1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırılıb. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib. Erməni cəlladları öldürülənləri və yaralıları bir yerdə təsərrüfat quyusuna töküb, üzərini torpaqlayıblar. Əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 10-u qadın, 2-si məktəbli olan 50 nəfər böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanlardan 18 nəfəri aldıqları sağalmaz yaralardan dünyasını dəyişib. Ermənistanın soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşüb. Qaradağlı kəndi 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
- Baxış: 109