El deyiminə görə, “keçinin əcəli çatınca, buynuzunu çobanın çomağına sürtər”. Ermənistanın da deyəsən, könlünə yenidən qapaz düşüb. Çünki sentyabrda anti-terror tədbirindən sonra başlarına dəyən yumruqdan haylar hələ indi özlərində taqət tapıb, növbəti təxribata girişiblər, hətta layiqli cavablarını da alıblar. Azərbaycan və Ermənistan arasında sülhə gedən yolda belə olayın baş verməsi isə münaqişəyə dəlalət edir, sülhə yox.
Öz məkrli niyyətlərindən əl çəkməyən ermənilər uzun aradan sonra Zəngilan, ardından da Tovuz istiqamətində atəşkəsi pozdu. Ələlxüsus da sərhədçimizin yaralanması ilə nəticələnən hal sırf məqsədli şəkildə düşünülmüş addımın təzahürü idi. Bu, sülhə hazır olduğunu bəyan edən Ermənistan Baş naziri Nikol Paşinyanın sadəcə küləklədiyini sübuta yetirir. Yəni qərbdən gələn havaya oynadığını. Düzdür, Zəngilandakı təxribata cavab gözləniləndən də sərt olub. Qisas, qarşı tərəfdən 4 ölü, 1 yaralı ilə alınıb, döyüş postları tamamilə darmadağın edilib. Lakin sual doğuran məqam 2 ölkənin sülhə kökləndiyi bir dövrdə gərginlik yaratmağın hansı məqsədə xidmət etməsidir.
Şair Ramaldanov- hərbi ekspert: “Düşünürəm ki, bu ona görə hesablanıb ki, Azərbaycan adekvat cavab versin, burada vəziyyət gərginləşsin, həmişə olduğu kimi onların məqsədi havadarlarının sifarişi ilə və sülhə qol çəkməyə mane olan qüvvələrin Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsi və bunun fonunda öz maraqları üçün şərait yaradılması üçün beynəlxalq institutların hərəkətə gətirilməsindən ibarətdir”.
Təxribatın qeydə alındığı məkan həm də şərti sərhəddə Aİ-nın müşahidə missiyasının yerləşdiyi əraziyə yaxındır. Bu məqama münasibət bildirən Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyir ki, qurum gərginlik yaradan tərəfin əməllərinə nümayişkəranə formada susqunluq göstərir.
Hikmət Babaoğlu- millət vəkili: “Çox təəssüf ki, bu Aİ-nın monitorinq missiyasının gözü qarşısında baş verir və qurum bununla bağlı heç bir mövqe bildirmir. Müşahidə missiyasının buna münasibət bildirməməsində belə təəssürat yaranır ki, onlar xüsusi təxribat missiyası ilə məşğul olurlar. Mən düşünürəm ki, bu təxribatları törədən təkcə Ermənistan deyil, Ermənistan plyusdur. Ermənistan plyus da Azərbaycanın Ermənistanın təxribatına verdiyi cavabda, “qisas əməliyyatı”nda öz cavabını almalıdır ki, Azərbaycanın mövqeyi necə olacaq. Bu cavab təkcə Ermənistana yox, həm də Ermənistan plyusa verilən cavab idi”.
Baş verən təxribat isə birbaşa sülh gündəliyinə zərbədir. Parlamentari ard-arda yaşanan hasidələrin sülhə təsirsiz ötüşməyəcəyi qənaətindədir.
Hikmət Babaoğlu- millət vəkili: “Ermənistan Azərbaycana qarşı törətdiyi təxribatlardan əl çəkmir. Bu isə mümkün sülhü daha da uzaqlaşdırır. Əslində şərti sərhəddə erməni təxribatçılarının Azərbaycan əsgərinə açdığı atəş sülhə açılmış atəşdir. Bu cür addımlar davam edərsə, region sülhə yox, müharibəyə hazırlaşmalıdır. Çünki görünür Ermənistan təxribatlarından əl çəkməməklə sülh yox, müharibə istəyir”.
Ermənistanın müharibə istəyi silahlanmada da özünü göstərir. Fransa və Hindistandan əldə edilən hərbi təchizat görünür məğlub ölkəyə qol-qanad verir. Amma Azərbaycan, uçurumun kənarında olan hayların banlarını 3 il bundan öncəki tək batırmağa hazır olduğunu qisas əməliyyatı ilə sübut etdi. Nəticə çıxarmaq isə qalır Ermənistanın və onları banladanların üzərində. Özlərinə yığışmasalar qorxsunlar ki, Zəngəzur bir qırağa, cəngavər hərbçilərimiz şanlı üçrəngli bayrağımızı elə İrəvandakı dövlət binalarında dalğalandıracaqlar.
Orxan Cəfərzadə
- Baxış: 130