Fevralın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə verdiyi müsahibə zamanı Azərbaycana qarşı növbəti dəfə böhtan xarakterli əsassız iddialar səsləndirib. Beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təşviq edən Ermənistan baş nazirinin təmsil etdiyi ölkəsinin beynəlxalq hüququn bütün norma və prinsiplərinə, habelə istinad etdiyi Alma-Ata bəyannaməsinə zidd olaraq Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlaması faktının üzərindən keçməyə çalışması təəssüf doğurur. Xarici İşlər Nazirliyinin Paşinyanın səsləndirdiyi iddiaların şərhində belə qeyd edilib. Şərhdə deyilir ki, Vətən müharibəsindən sonra Ermənistanın üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, Azərbaycan ərazilərindən işğalçı qüvvələri çıxarmaması, ərazilərimizə silah-sursat, hərbi texnika və minaları ötürməkdə davam etməsi, təxribatlar törətməsi barədə danılmaz faktlar Ermənistan tərəfinin əsl niyyətindən xəbər verir. Ermənistan baş nazirinə, yaxşı məlumdur ki, Ermənistan tərəfi Praqa və Soçi görüşlərində, daha sonra Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin saxta “müstəqilliyi” ilə bağlı 2023-cü ilin sentyabrında təbrik bəyanatları verməklə yanaşı, bu günədək beynəlxalq təşkilat və məhkəmələrdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları davam etdirməkdədir. Ermənistan Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər və addımlar əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli, sülh prosesinə töhfə verməlidir”.
- Baxış: 79