• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1705
— 12.02.2024 19:34

İlin bu fəslində havanın isti olmasının yan təsirləri var

KepezTV Player

Azərbaycanda mövsümə xas olmayan anomal hava şəraiti müşahidə olunmaqdadır. Dekabrın isti dalğasından sonra yanvarda temperatur bir qədər soyusa da, lakin havalar hələ də təəccüblü dərəcədə isti keçir. Bəs bu cür havanın yan təsirləri nələrə səbəb ola bilər?

Qış fəsli olmasına baxmayaraq Gəncədə, ümumiyyətlə Azərbaycan ərazisində havalar xeyli isti keçir. Fevralın əvvəllərindən başlayaraq temperatur 17-20 dərəcəyə qədər yüksəlib. Mütəxəssisər deyir ki, bu, qlobal iqlim dəyişməsinin regionumuzdakı təzahürüdür. 

İrşad Abbasov- ekoloq: “140 il ərzində ən isti keçən qışdır. Xüsusilə qış aylarında temperaturun belə keçməsi bitkiçiliyə və kənd təsərrüfatı əkiçiliyinə mənfi təsir edir. Ağacların vaxtsız vegetesiyaya uyğun olmayaraq oyanması, sonra da temperaturun kəskin aşağı düşməsi mənfi təsir edə bilir. İkinci tərəfdən qışın belə quraq keçməsi torpaqda rütubət ehtiyatının azalmasına, çaylarda suyun azalmasına, bununla da gələcəkdə kənd təsərrüfatında suvarma sularının və başqa suların azalmasına şərait yaradır”.

Təbiətə təsiri kimi adət olunmayan temperatur dərəcəsi insan səhhətinə də zərər verir. Xüsusilə xroniki xəstəlikləri olanlar belə havada əziyyət çəkir. Həmçinin bəzi xəstəliklər kəskinləşir, infeksiyalar artır.

Şəhla Verdiyeva- həkim: “Xüsusilə ürək-damar xəstəlikləri, diabeti olanlar, bronxial astması və ya allergik xəstəliklərdən əziyyət çəkənlər, xroniki mədə-bağırsaq xəstəliyi olan insanlarda daha çox şikayətlər yaranır. Nəzərə alsaq ki, indi bir müddətdir ki, rast gəlinməyən infeksion xəstəliyin yenidən alovlanması müşahidə olunur. Onlardan biri də qızılcadır. Bu kimi temperatur şəraiti o infeksiyaların yayılması üçün daha əlverişli şərait yaradır. Bu xəstəliklər xüsusilə məktəbyaşaqədərki və məktəbyaşlı uşaqlarda, yeniyetmələrdə daha çox rast gəlinir. Peyvənd vurulmamış uşaqlarda daha ağır gedişata malik olur. Və hazırki hava şəraiti də prosesin kəskinləşməsinə şərait yaradır”.

Odur ki, qidalanma, yuxu şəraitinə, qəbul edilən mayenin miqdarına, havaya uyğun geyimə diqqət etirmək lazımdır. Çünki davam edən mülayim hava şəraitinin dəyişəcəyi gözlənilir. 

Gülşad Məmmədova- Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru: “Yaxın 2 gün ərzində - fevralın 13-14-də ölkə ərazisində, həmçinin qərb bölgəsində hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və saat saatlarında duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti olacaq. Fevralın 12-i axşamdan fasilələrlə duman olacağı gözlənilir”.

Yəni bu o deməkdir ki, son günlərin Günəşinə aldanmayın. Fəsil qışdır və qarşıda soyuq havalar olacaq. 

Aişə Rzayeva